Aleksey İsayevin Portuqaliya ilə oyundan sonra "instagram" səhifəsində erməni dostuna "qardaşım" yazmanı birmənalı qarşılanmadı.

Milliləşdirilmiş futbolçunun bu hərəkətindən ən çox əziyyət çəkən vaxtilə müqəddəs formanı tərlədən sabiq yığma üzvləri olmalıdır. Çünki İsayevin yol verdiyi səhv onları da qıcıqlandırır.

Offsideplus.az vaxtilə millinin şərəfini qorumuş sabiq futbolçulardan bir neçəsinin saytımıza verdiyi açıqlamanı təqdim edir. 

Vaqif Cavadov: "Aleksey yox, kim olursa olsun, bu cür paylaşım etmək qəbuledilməzdir. Sən Azərbaycan millisinin formasını geyinib, bu ölkəni təmsil edirsənsə, onun hər bir dəyərinə hörmət etməli, reallıqları qəbul etməlisən. Ermənistan Azərbaycana düşmən ölkədir, bunu hamı bilir. Kiminsə kiminlərə qardaşlıq etmək fikri varsa, kənarda etsin. İctimaiyyətin görəcəyi şəkildə erməniyə "qardaşım" yazmağın izahı yoxdur. Belə hal yaşananda AFFA rəhbərliyi həmin futbolçunun cəzasını verməlidir ki, həm ona, həm də digərlərinə dərs olsun. Bu, xüsusən də milliləşdirilmiş futbolçulara aiddir. Çünki azərbaycanlı oyunçu belə səhvə yol vermir, verməz də".

Vüqar Nadirov: "Əlbəttə, bir azərbaycanlı, qarabağlı, ağdamlı və ən əsası, şəhid oğlu olaraq həmin paylaşım pisimə gəldi. Millinin formasını geyinən futbolçu kimliyindən asılı olmayaraq göz görə-görə erməniyə "qardaşım" deyə bilməz! Başa düşürəm, Rusiyada böyüyüb, orda erməni dostları ola bilər. Dostluğunu kənarda etsin, əynində Azərbaycan millisinin forması olan şəklin altında yox. Günahı birbaşa futbolçunun özündə görürəm. Klubu da məsələni diqqətdə saxlayıb, lazım olan tədbiri görməlidir. Şəhidlərin qanı qurumamış bu cür hərəkət etmək... Yəqin ki, lazımi ölçü götürülər".