Qaçış idman növü ilə məşğul olanlar Elmir Əsgərov ad-soyadını yaxşı tanıyır.

41 yaşlı azərbaycanlı atlet 12 saatlıq və sutkalıq, həmçinin 100 km məsafəyə marafon qaçışı üzrə ölkə rekordçusudur.

Elmir bəy çiyinlərini ağır yükün altına verib və qarşısında duran hədəfin öhdəsindən gəlməyə hazırlaşır. Hədəf nədir? Vətən müharibəsində şəhid olan qardaşlarımızın sayı qədər, yəni 2881 km məsafəni müharibə davam edən müddət qədər – 44 gün ərzində qaçmaq.

Artıq planlar hazırlanıb, istiqamət müəyyənləşib. Ultramarafonçu Əsgərov sabah beynəlxalq yarışda iştirak etmək üçün Türkiyəyə yola düşəcək, qayıdan kimi şəhidlərin xatirəsinə həsr olunan 2881 metr məsafəni qaçmağa başlayacaq.

Elmir bəyin offsideplus.az-a müsahibəsini təqdim edirik.

- Şəhidlərin xatirəsinə həsr olunmuş layihənizlə bağlı məlumat verərdiniz. İdeya kimdən gəldi, planlar nədir və sair.

- Vətən müharibəsi davam etdiyi ərəfədə marafonçularla hansısa mənada dəstək verməklə bağlı söhbətimiz olmuşdu. Həmin vaxt demişdim ki, müharibə başa çatandan sonra, inşallah, Bakıdan Şuşaya qədər qaçarıq. Noyabrın 10-dakı qələbə xəbərindən bir həftə sonra sosial şəbəkə hesabımda “Bakı-Bəhramtəpə-Hadrut Şuşa marşrutu üzrə 400 km qaçmaq istəyirəm. Kim mənimlə qaçmaq istəyir?” şəklində status paylaşmışdım.

- Qaçdınız?

- Xeyr. Çünki həmin vaxt ərazilər minalı idi, həm də icazə yox idi. Sadəcə, ideya kimi təklif etmişdim. Lakin sonradan fikrimi dəyişdim. Düşündüm ki, Bakıdan Şuşaya qədər qaçdıq, layihə sona çatdı və unuduldu. Daha maraqlı, daha çətin yol istəyirdim. Çünki şəhidlərimiz qat-qat artığına nail olandan sonra dünyalarını dəyişiblər. Bəzi variantları götür-qoy edəndən, həkimlərlə məsləhətləşəndən sonra müharibə müddəti qədər - 44 gün ərzində şəhidlərimiz sayı qədər – 2881 km qaçmağı qərara aldıq. Lakin məsafə 3001 km olacaq.

- Niyə?

- Martın 13-də İzmirin Efes şəhərində beynəlxalq turnir start götürəcək ki, yarışda Azərbaycanı təmsil edəcəm. Və həmin yarışda qaçmalı olduğum 120 km məsafəni müharibəni qazanmağımızda müstəsna xidmətləri olmuş Ali Baş Komandan İlham Əliyevə həsr edəcəm. Belə deyim, Prezidentimiz üçün qaçacam.

- 2881 km-i qrup halında qaçacaqsınız, ya necə?

- Burda vəziyyət nisbətən fərqlidir. 2881, üstəgəl, 120 km-i mən tək qaçacağam. Lakin qaçışla məşğul olan digər yoldaşlar da gücü çatdıqları qədər şəhidlərin xatirəsinə hörmət əlaməti olaraq qaçacaqlar. Azərbaycanda, digər ölkələrdə, hətta ABŞ-da 50-60 nəfər maksimum məsafəni qət edəcək. İnsanları məcbur edə bilmərik. Burda söhbət vaxtdan və istəkdən gedir. Üstəlik, pandemiya şərtlərini də unutmayaq.

176c5ada a64f 45a2 967e 18b78fa2a2eb

- Qaçışlara nəzarət mexanizmi necə olacaq? Kimin nə qədər qaçması ilə bağlı.

- Artıq sinə nömrələri çap olunub. Nömrələr 2882-dən başlayacaq. Müxtəlif proqramlar var ki, həmin proqram vasitəsilə kimin harda və nə qədər qaçdığını bilmək olur. Bir də ki, burda sübut, yaxud yalan axtarmrıq. Layihədə iştirak edəcək insanlar da məsələnin mahiyyətindən xəbərdardır. Kiminsə 100-200 kilometr qaçması şərt deyil. Maykasını geyinib, qaçmağa başlaması və yekunda 5-10 kilometr qaçmasının özü də şəhid qardaşlarımıza hörmət əlamətidir. Məqsədimiz bu layihədə ümumilikdə minimum 30 min km qaçmaqdır. Onun 3001 km-ni mən öz üzərimə götürmüşəm.

- 120 km-ni anladım, İzmirdəki turnirdə qaçacaqsınız. Bəs 2881?

- Həmin 2881 km məsafəni Azərbaycan ərazisində qət edəcəyik. İki gün qaçıb, bir gün bərpa olunacağıq. Şənbə və bazar günləri bölgələrdə qaçacağıq. Hətta bölgələrdə yaşayan qaçış həvəskarları belə bizə qoşula biləcək.

- Marafona nə vaxt start veriləcək?

- Allahın izni ilə martın 16-da Türkiyədən Azərbaycana qayıdacağam. Qayıdandan iki gün sonra qaçışa başlamaq fikrindəyik. Anons edəcəyik, görüş nöqtələrini göstərəcəyik və imkanı olanlar Bakıda bizə qoşulacaq. Bölgələrdə isə bir həftə öncədən xəbərdar edəcəyik.

- Şuşa marafonu ilə başlayacaqsınız?

- 2381 km-i Bakı və bölgələrdə qaçacağıq. Yerdə qalan 500 km-i isə Bakıdan Ağdama, ordan Şuşaya qaçacağam. Düzdür, səfərdə məni müşayiət edənlər olacaq. Lakin onlar 2-3 saatdanbir yerdəyişmə edəcəklər.

b62b56a8 aa3d 46c9 b404 dc6a2f80338f копия

- Hər gün necə kilometr qaçacaqsınız?

- Sutka ərzində 12-15 saat arası qaçmağı planlayıram. Ciddi zədə olmasa, dörd gün ərzində Bakıdan Şuşaya çatacağam. Bakıdan Ağdama qaçıb Allahverdi Bağırovun qəbrini ziyarət edəcəyik, ordan Şuşaya qalxacağıq. Burda əsas hədəflərdən biri, həm də Ağdamın müharibədən sonrakı vəziyyətini dünyaya göstərməkdir.

- Şuşaya getmək üçün icazəniz var?

- Bəli-bəli, 10 nəfər üçün dövlət səviyyəsində icazə almışıq. Müdafiə Sənayesi naziri Mədət Quliyevin köməkçisi də bu gün zəng etmişdi. Sağ olsunlar, layihənin həyata keçməsi üçün əllərindən gələn köməkliyi göstərəcəklər. Mədət bəyin özü də idman həvəskarıdır, hətta marafon qaçmağı planlayır.

- 44 gün ərzində 3001 kilometr. Buna orqanizm dözər?

- Bütün çətinlikləri göz önünə almışam. İki gün qaçıb, bir gün bərpa olunacağam. Massajlar, qaçış nöqtələrində buz çəlləkləri. Bu mənim sevdiyim və seçdiyim idman növüdür. Orqanizmim sutkada 150-200 km qaçmağa imkan verir. Hətta 200 km-i aşmağı hədəfləmişəm.

HƏBİB

c7cd2325 f52b 4eaa 91e8 18e3054757f2