Bir neçə gün öncə futzal üzrə Azərbaycanın 17 və 19 yaşlılardan ibarət yığmasının şərəfini qorumuş Kənan Əsədlinin Qarabağ döyüşləri zamanı yaralanaraq bir aydan çox qospitalda yatması ilə bağlı xəbər vermişdik.

Offsideplus.az olaraq məsələni araşdırmaq qərarına gəldik. Adı çəkilən idmançı əsgərimiz Kənan Əsədli ilə əlaqə saxlayıb hərbi xidmətə çağırılmağından, yaralandığı andan və Azərbaycan Futzal Federasiyasının ona göstərdiyi münasibətdən danışdıq. Müsahibəmizin sonunda federasiyanın milliyə dəfələrlə köməyi dəymiş oyunçuya laqeydlik göstərdiyinin bir daha şahidi olduq.

- Hərbi xidmətə nə vaxt çağrılmışdın?

- 2019-cu ilin oktyabrın 1-dən hərbi xidmətə çağırılmışam. Bir ildə yaxındır hərbi xidmətdəydim. Müharibə başlayan kimi cəbhə bölgəsinə yollandıq. Goranboy istiqamətində döyüşürdük. 

- Yaralandığın anı necə xatırlayırsan?

- Goranboy istiqamətində döyüşərkən baş verdi. Təfərrüata varmaq istəmirəm. Bircə onu deyə bilərəm ki, yanımıza mərmi düşdü və yaralandım. 

- Xəstəxanaya nə vaxt apardılar?

- Yaralandığım gündəcə birinci Saatlıya apardılar, sonra Bakıya - 5 nömrəli xəstəxananın yanıq şöbəsinə. Bir müddət orda qalandan sonra sonra da M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanasına gətirildik.

- Hansı nahiyələrdən zədələnmişdin?

- Üzüm, əllərim və ayağımda yanıqlar var.

- İndi özünü necə hiss edirsən?

- İndi bir az əlimdə problem var - yanıqlar qalıb. Həm də əlim zəifdir, işləmir. Dəri köçürülmədir deyə, hələ gec sağalacaq. Bir müddət müalicə almalı, gözləməliyəm.

- Hospitalda nə qədər qaldın?

- Təxminən iki ayyarım.

- Bu müddət ərzində xəstəxanaya yanına kimlər gəldi? Federasiyadan baş çəkənlər oldu?

- Ən çox ailəm, yaxınlarım görüşümə gəldi. Federasiyadan isə gələn olmadı. Bircə Xosrov müəllim (Xosrov Məmmədov - Azərbaycan Futzal Federasiyasının əməkdaşı) bir-iki dəfə zəng edib maraqlanmışdı. 

- Federasiyadan heç bir yardım təklifi gəlmədi? 

- Yox... Heç kimdən heç nə istəməmişəm.

- Təmamilə sağalandan sonra futzal oynamaq fikrin var?

- Niyə də olmasın?! İlk növbədə səhhətimin qayğısına qalmalıyam. Tam sağalmalıyam ki, idman edə, top dalınca qaça bilim. Allahın köməkliyi ilə sağalım, ondan sonrasına baxarıq. Mənim fikrimi bilmək istəyirsizsə, bəli, oynamaq istəyirəm.