“Sumqayıt”ın hücumçusu Amil Yunanov Offsideplus.az-ın suallarını cavablandırıb.

27 yaşlı oyunçu müsahibəsində karantin müddətini necə keçirməsi, məşqlər və yeni qaydaların təsirləri barədə fikirlərini bölüşüb.

- Karantin günlərini necə keçirdiniz?
- Karantin müddətini Tovuzda ailəmin yanında keçirtdim. Evdə fərdi məşqlər edirdim. Vaxtımı maraqlı keçirməyə çalışırdım. Pes oynayır, kinolara baxır, kitab oxuyurdum. Oxuduğum kitablar arasında “Ferrarisini satan rahib” (Robin Şarma), “Qızlari op” (Ceyms Petterson) və digər kitablar vardı. Filmlərə gəlincə, əsasən həbsxanadan qaçış və müharibə mövzulu filmlər izlədim.

- Evdə məşq etmək çətin deyildi?
- Çətin deyildi, amma sıxıcı idi. Təbii ki, stadiondakı məşqlə evdəki arasında çox fərq var. Evdə də məşqlərimə diqqət edirdim, artıq çəki problemim də olmadı.

- Komanda ilə məşqlər başlayıb, “Qəbələ” ilə oyunda qol da vurdunuz. Fasilədən sonra adaptasiya prosesi necə gedir?
- Uzun müddət fasilədən sonra çətin idi. Komanda ilə birgə məşq etmək üçün vaxtımız az idi. Çalışırıq ki, əvvəlki formamızı qaytaraq.

- Koronavirusa görə tətbiq olunan qayda və qadağaların futbola hansı təsiri olacaq?
- Mənfi təsiri çoxdur. Bizə daha çox oyunların azarkeşsiz keçirilməsinin mənfi təsiri olacağnı düşünürəm. Bizi sumqayıtlı azarkeşlər dəstəkləyirlər. Ev oyunlarında azarkeşlər önündə komandamız daha motivasiyalı oynayır. Dövlətin verdiyi qərardır, biz də hörmətlə yanaşmalıyıq.

- Premyer Liqada uzun fasilədən sonra ilk görüşünüz “Səbail”ə qarşı olacaq…
- İlk rəsmi oyunumuz olacaq. Çalışacağıq oyuna qədər formamızı bərpa edək, komanda oyuna tam hazır olsun. İsti havanın da müəyyən təsiri olacaq. Buna baxmayaraq, çalışacağıq ki, oyundan qalib ayrılan tərəf biz olaq.

- “Sumqayıt” hazırda 4-cü pillədədir, yaxın izləyiciləri ilə xal fərqi azdır. Mövqeyinizi qorumaq çətin olmayacaq?
- İndi vəziyyət elədir ki, əvvəldən nəyisə demək olmaz. Bunu oyunların gedişatı göstərəcək. Biz əlimizdən gələnin ən yaxşısını edib mövqeyimizi qorumağa çalışacağıq.