Estoniyanın "Narva Trans” klubunda çıxış edən Nurlan Novruzov Offsideplus.az-ın suallarını cavablandırıb.

27 yaşlı hücumçu müsahibəsində karantin dövrünü necə keçirdiyindən, Estoniya ilə Azərbaycan arasında yaşam fərqlərindən və çıxış etdiyi klubun hədəflərindən danışıb:

- Estoniyada karantin müddətini necə keçirdiniz?

- Karantin müddəti 2 ay çəkdi. Tək yaşadığım üçün çox çətin keçdi, bütün gün evdə olurdum. İndi belə danışanda, bəlkə də, normal görünür, amma doğrudan da bir daha bele bir halın yaşanmaması üçün dua edirem. Qaydalar sərt idi. Bura Avropa olduğu üçün cəza məbləğləri yüksək idi. Adicə çöldə gəzməyə görə 3-5 min avro cərimələnirdin. Günlərimi evdə kitab oxumaqla və məşq etməklə keçirirdim. Sağ olsun, alt qonşu bir dəfə də olsun qapımı döyüb şikayət etmədi (gülür). Hər gün evdə topla hərəkətlər edirdim, bədən hərəkətlərini işləyirdim ki, az da olsa formada qalım. Çəki problemim olmadığı üçün rahat oldu mənə. Marketə və ya zibil atmağa gedərkən maska və əlcəkdən istifadə etmirdim. Açığı inanmırdım, bu gün də inanmıram. Bu virus olmadan da dünyada hər gün minlərlə insan ölürdü. İndi də “korona öldürür” deyirlər, yalan olmadığı nə məlum?

NURLAN1

- Fasilədən sonra oynamaq necə idi?

- Karantindən sonra 2 oyun keçirmişik. Matçlarımız canlı yayımlanır, oyunu izləyənlər rahat görə bilərlər ki, hər iki qarşılaşma bizim üstünlüyümüzlə keçdi. Bu oyunlarda 1 xal qazanmağımız çox qəribədir. Liqanın ən yaxşı komandalarından biriyik. Ancaq nəticə olmayandan sonra bunu kimə desən inanmayacaq. Artıq xal itirməmək üçün xırda səhvlərə yol verməmək lazımdır.

- Virusa görə yeni qaydalar Estoniya çempionatında da tətbiq olundu?

- Bəli, yeni qaydalarla oynayırıq. 5 əvəzetmə, dirsəklə salamlaşma, qol sevincini qeyd etməməklə yanaşı, paltardəyişmə otaqlarında 7 nəfərə icazə var. Ehtiyat oyunçular 2 metr məsafədə otururlar. Çox qəribədir, meydanda hər kəs ağız-ağızadır, çöldə 2 metr aralı. Bu virus hər halda canlıdır, meydanda oyun zamanı yaxın gəlmir. Bir dəyişiklik də o oldu ki, ilk 6 komanda pley-off oynayacaq. 

- Komandanın qarşısına hansı məqsəd qoyulub?

- Klubumuz bu ölkənin ən yaxşı 4 komandasından biridir. Hər il avroliqaya vəsiqə uğrunda mübarizə aparır. Bu il də eyni qaydada, hədəf ilk 4-lük və ölkə kubokudur. Bura gəlişimdə Erkin İbrahimovun (menecer) da əməyi böyükdür, sağ olsun. Avropa ölkəsi olduğu üçün razılaşmağım çətin olmadı. 1 illik müqavilə imzaladıq. Ölkə xaricində oynamaq daha rahatdır.

- Estoniyaya uyğunlaşmaq sizin üçün çətin olmadı?

- Yox, elə də çətin olmadı, çünki çox isti münasibət göstərdilər. Azərbaycanla müqayisə etsək, hər şey fərqlidir, xüsusilə yaşam tərzi. Mən AFFA-nın sayəsində Avropanın bütün ölkələrində olmuşam – U-15, U-17, U-19, U-21-lə hər bir ölkədə 15-20 gün qalmışıq. İlk dəfədir ki, Avropada uzun müddətdir yaşayıram. Belə gözəl və mərifətli düşünmürdüm, insanlar burda heyvanlara belə hörmətlə yanaşırlar.

- Azərbaycan və Estoniya futbolunu müqayisə etsəniz, hansını üstün tutardınız və səbəblər?

- Bizim Azərbaycan çempionatının iki hegemon klubu – “Qarabağ”la “Neftçi”ni çıxsaq, digər klublar eyni səviyyədədir. Burda digər klublar hava ötürmələrindən çox istifadə edirlər. Bu da normaldır, çünki boyları çox hündürdür. Bizim üstün cəhətimiz pasla oyundur, komandamız sürətli və texnikalı oyunçulardan qurulub.

- Klub dekabrda qalmağı təklif etsə, razı olacaqsınız?

- Gələcək hədəfim daha yaxşı komandalarda çıxış etməkdir. Estoniyada qalmaq istəyərəm. Burda hər şey ürəyimcədir.