I Divizionda çıxış edən "Zaqatala"nın yarımmüdafiəçisi İbrahim Qədirzadə Offsideplus.az-a müsahibə verib.

21 yaşlı futbolçu karantin dövrünü necə keçirdiyi, "Qarabağ"dan ayrılıq səbəbi və "Zaqatala"nın çempion olmaq istəyi barədə danışıb:

- Futboldan bu qədər uzaq qalmaq çətin deyil?

- Futboldan uzaq qalmaq təbii ki, çox çətindir. Demək olar ki, günləri sayıram hər həftə. Yeni çıxan qərarlara baxıram ki, görəsən bu dəfə icazə veriləcək futbolun bərpasına? Fərdi məşqlər edirəm. Karantin dövründə məşqsiz qalmadım. Rayon yeridir, evimizin arxası boş sahədir. Rayon yerində “məhlə-məhlə” deyirlər. Məhəlləmizlə gedib oynayıram. Əsas odur futbolsuz qalmırıq. Karantinin ilk günlərində oynayanda kəndə polis gəldi, çıxartdı hamımızı. Polislər gedəndən sonra yenidən qayıtdıq (gülür).

- Karantin müddətini necə keçirdiniz?

- İdmançı üçün  2 aya yaxın evdə qalmaq çətindir. Amma yaxşı tərəfi də o oldu ki, biz heç vaxt bu qədər evdə olmurduq. Düşünürəm əsas xeyri ailə üzvlərimizlə birlikdə çox vaxt keçirdik. İlk günlərdə demək olar ki, evdən çıxmırdım. Sonradan artıq evdə oturmaqdan yoruldum. SMS yazaraq, maska taxıb evdən çıxırdım.

- Karantin bitdikdən sonra nə edəcəksiniz?

- İnşallah karantin sağ-salamat bitsin. Komandaya qayıdacağıq, qaldığımız yerdən davam edib istədiyimiz nəticəni qazanmaga çalışacağıq.

- Son paylaşdığınız fotoda sizi Mahir Emreliyə bənzətdilər. Özünüz də bu fikirdəsiniz?

- Əslində həmişə buna gülürəm.  “Facebook”, “İnstagram”, hətta real həyatda  tez-tez Mahirə oxşadığımı deyirlər. Düzü, özüm belə düşünmürəm.

- Bir çox ölkələrdə çempionat və liqalar erkən dayandırıldı və çempion açıqlandı. Azərbaycanda belə qərar verilsə, 1 oyun az keçirdiyinizi nəzərə alsaq, reaksiyanız necə olar?

- Liqamızın erkən dayandırılmasını istəməzdik. Çünki istəyimiz çempionluqdur və buna nail olacaq heyətimiz var. Ümid edirəm, belə  qərar verilməz və biz istəyimizə nail olarıq.

 - “Zaqatala”nın I divizionun qalibi olmaq şanslarını necə qiymətləndirirsiniz?

- Divizionda çempion olmağa layiq bir çox komanda var. Premyer Liqamızdakı kimi çempionluğa 2 komanda oynamır. Komanda yığılanda hər bir komandanın hədəfi olur. Bizim də ilk hədəfimiz çempion olmaqdır.

- “Turan” və “Kəpəz”in Premyer Liqaya gətiriləcəyi ilə bağlı xəbərlər sizə psixoloji təsir etmir?

- Düzü, mənfi təsir edir. Üçüncü yerdə gedirik. Çempionatın yarısında belə şeyləri deməkləri doğru deyil.  Ancaq xarakter göstərmək lazımdır ki, Premyer Liqaya cıxmasaq belə, çempion olub “Premyer Liqaya çıxmağa layiq biz idik” deyə bilək. Keçən il də MOİK-də çempion olanda mövsümün yarısında bilirdik çıxmayacağıq. Bunu bilə-bilə mübarizə apardıq, ruhdan düşmədik. Altı tur qalıb, eyni şeyi “Zaqatala”da da  edəcəyik.

 mahir

- "Qarabağ"dan ayrılmağınıza səbəb nə oldu?

- “Qarabağ”da bir il ərzində xoş və pis günlərim oldu. Məni ora Resad Sadıqov aparmışdı. Ona təşəkkür edirəm. Çünki mən MOİK-də əsgərlikdə idim. Rəşad məni 1 illik  icarəyə götürdü.  Rəşad məni “Qarabağ” aparmasaydı, mən bütün ili hərbi hissədə qalacaqdım. “Qarabağ”da  Çempionlar Liqasına görə  oynadım. Əvəzedicilərdə də, əsas komandada da məşqlər edirdim. “Qarabağ”dan ayrılmağıma doğru cavabı Rəşadın özü verə bilər. Mənim müqaviləm bitdi, MOİK məni geri çağırdı. Divizionda limit qoyuldu, tək mən yox “İnter”də (indiki “Keşlə”) oynayan Ceyhun Muxtarlını da  geri çağırdılar. Düşünürəm ki, limit məsələsinə görə idi.

- Çempionlar Liqasında "Qarabağ"ın 19 yaşlılarının heyətində "Çelsi"ya qarşı matçda qırmızı vərəqə almağınız Ağdam təmsilçisindən getməyinə əsas səbəb olaraq göstərilir...

- Güclü rəqibə qarşı oynayırsan, daim təzyiqdə saxlayırlar səni.  Qırmızı almaya da bilərdim. Amma davamlı mübarizə aparanda istər-istəməz kobud oynayırsan. Qırmızıya görə pis olmuram. Hər birimizin başına gələcək bir işdir.  İnanmıram ki, “Qarabağ”dan ayrılmağıma səbəb bu olsun. Çünki  Bakıdakı oyunda da Rəşad qırmızı almışdı. Sadıqov elə insan deyildi ki, məni qırmızı vərəqəyə görə komandadan uzaqlaşdırsın. Etsəydi, həmin oyundan sonra edərdi. Amma Bakıda mənə dəstək oldu. “Olmamalıydı” dedi, amma dəstək oldu. Yanımızda oldu.