Misli Premyer Liqasında XII tur başa çatıb.
"Karvan-Yevlax" - "Kəpəz" 1:2
Tura Yevlax start verildi. "Karvan-Yevlax" 15 illik fasilədən sonra doğma meydanında Premyer Liqa oyununa çıxıb.
Özü də 4000 min azarkeş ilə. Azərbaycan çempionatı üçün heç də pis rəqəm deyil.
Oyun isə onlar üçün o qədər də yaxşı keçməyib. Əsas rəqiblərindən biri "Kəpəz"ə 1:2 hesabı ilə məğlub olublar.
Görüşün ən maraqlı 25-ci dəqiqədə yaşanıb. Baş məşqçi Vüsal Məsimovu Əli Abdullayevlə əvəz etmək etsə də, birinci meydandan çıxmaq istəməyib. Komanda yoldaşları onu razı salmağa çalışsa da, o, fikrindən daşınmayıb və meydanda qalıb.
"Kəpəz" isə cari mövsüm 2-ci qələbəsini qazanıb və sonuncu pillədən qurtulub.
Bəlkə də mövsüm Azər Bağırovla başlasa idilər, hər şey fərqli ola bilərdi.
"Sumqayıt" - "Qarabağ" 2:4
İlk günün digər oyunu Sumqayıtda baş tutub və mövsümün azarkeş rekordu qırılıb. "Sumqayıt" - "Qarabağ" görüşünü 9000 azarkeş izləyib. Azarkeşlər bu görüşə gəlməyinə peşman olmadı: 6 qol, penalti və qırmızı vərəqə. Oyunda hər şey var idi.
Saşa İliçin komandası güclü rəqibinə qarşı layiqli mübarizə apardı. "Qarabağ" isə "Napoli" ilə oyun öncəsi son sınağını keçirib.
"Kimyaçılar"ın hücumçusu Aleksandr Ramalinqom cari mövsüm 2-ci dəfə penaltidən yararlana bilməyib.
Bir neçə kəlmə də görüşün baş hakimi Fərid Hacıyev barədə. O, bu qədər azarkeş gələn oyunda görüşü istənilən səviyyədə idarə edə bilmədi. Verdiyi bəzi qərarlar mübahisəyə çox açıq idi.
"Araz-Naxçıvan" - "Turan Tovuz" 1:1
Bir gün sonra Sumqayıtda daha bir oyun baş tutdu. "Araz-Naxçıvan" "Liv Bona Dea Arena" təmirdə olduğu üçün oyunlarını bir müddətlik burada keçirir. Mövsümün iki iddialı komandasının oyununda qalib müəyyənləşməyib - 1:1.
Yəqinki bu nəticə hər iki tərəfi narazı salmayıb.
Naxçıvan təmsilçisinin hücumçusu Ba-Muaka Simakala bu görüşdə fərqlənərək qollarının sayını 7-yə çatdırıb və bombardirlər yarışında şəriksiz lider olub.
"Turan Tovuz"u qolunu vuran Ayxan Hüseynov isə cari mövsümdə 2-ci dəfə fərqlənib. Maraqlısı budur ki, o, hər iki qolunu Sumqayıtda vurub.
"Zirə" - "Qəbələ" 1:0
Turun qazananı "Zirə" oldu desək yanılmarıq. Onlar əsas rəqiblərinin xal itirdiyi həftədə qələbə qazanmağı bacarıb.
Kaxaber Tsxadadzenin "Qəbələ"si yenə əlindən getsə də, yenə də alınmadı.
Görüşün həlledici məqamları ilk hissədə oldu. Əvvəlcə "Qəbələ"nin xeyrinə penalti təyin edildi. Lakin İbrahim Sanqare penaltidən yararlana bilmədi.
Daha sonra "Zirə" bu şansı qazandı. Bu dəfə Ruan Renato səhvə yol vermədi.
"Sabah" - "Şamaxı" 0:0
Turun qolsuz yeganə oyunu Masazırda oynanılıb.
"Sabah" çox çalışsa da, fərqlənməyi bacarmayıb. Valdas Dambrauskasın komandası ardıcıl 9 oyundur məğlub olmur.
"Şamaxı" isə özü üçün çox vacib xal qazanıb. Onlar artıq sonuncu iki pillədən 9 xal öndədir.
"Neftçi" - "İmişli" 2:3
Tura maraqlı bir oyunla yekun vurulub. Mövsümün sürpriz komandası "İmişli" yenə hamını təəccübləndirməyi bacarıb.
"Neftçi" 2 dəfə önə keçsə də, sonda 1 xal belə qazana bilməyib. Onlar ardıcıl 2-ci oyunda məğlub olub.
Bölgə klubu isə xalların sayını 15-ə yüksəldib.
Samir Abasov "Qarabağ"la oyundan sonra hakimi təhqir etdiyinə görə 4 oyunluq cəzalanmışdı. Ola bilər ki, o, cəzasını "Neftçi"də tamamlamasın...



