Misli Premyer Liqasının V turu üzrə keçirilən “Sabah” – “Turan Tovuz” qarşılaşmasında (2:0) yaşanan bir neçə epizod ilə bağlı verilən qərarlar futbol ictimaiyyətində müzakirələrə səbəb oldu.
Offsideplus.az xəbər verir ki, matçın baş hakimi Rəvan Həmzəzadə oyunun 5-ci dəqiqəsində Kahim Parris və Alexandro Serrano arasında yaşanan epizodu, 75-ci dəqiqədə isə Veysəl Rzayev və Akim Zedadka arasında baş tutan epizodda vərəqə göstərməyə lüzum görməyib. Bundan əlavə, Tovuz təmsilçisinin 21-ci dəqiqədə vurulan qolu oyundan kənar vəziyyətdə olduğu üçün qeydə alınmayıb.
Yerli və xarici mütəxəssislər sözügedən epizodlara münasibət bildirib. Futbol eksperti Aslan Kərimov Offsideplus.az saytına açıqlamasında oyunda yaşanan hər üç hadisəni belə şərh edib:
"Məncə, bəli, birinci epizodda cərimə var idi. Sadəcə Kahim Parris topa vurduqdan sonra ayağı Serranonun dizinə dəyir. Bundan sonra həmin epizod təhlükəli oyun kimi cərimə zərbəsi ilə dəyərləndirilə bilərdi. Lakin nə sarı, nə də qırmızı vərəqə olduğunu düşünmürəm, çünki zərbə topa idi, daha sonra dizinə dəyir. Bilərəkdən ayağına vurmur. Həmin epizodda top "Turan Tovuz"un futbolçularında qaldığına görə hakim oyunu davam etdirir. Məncə qaydalar çərçivəsində idi.
Tovuz təmsilçisinin vurduğu və oyundan kənar vəziyyətdə olan qol epizodu var idi. Burda da əslində yeni qaydalara görə, qolu vuran oyunçu ofsaydda olmasa da, topun arxasınca gedən digər futbolçu Rəhman Daşdəmirovun topa getməsinin qarşısını aldığı üçün oyundankənar vəziyyət qaydası olaraq işə düşür. Mənim subyektiv fikrimə görə məncə də qaydalar çərçivəsində idi.
Üçüncü epizodda isə ola bilsin ki, hakim cərimə versin, lakin sarı və ya qırmızı vərəqəlik bir şey yoxdur. Çünki topa ayaq qoyur, top yumru olduğu üçün ayağı sürüşür və rəqibin ayağına dəyir. Lakin topa bu həmləsi qaydalar çərçivəsindədir. Yenə də deyirəm, hakim belə epizodlarda cərimə verə bilər, lakin vərəqəlik epizod deyil”.
Sabiq FİFA referisi Deniz Ateş Bitnel İdmanxeber.az saytına açıqlamasında "Sabah" - "Turan Tovuz" oyunundakı epizodlara münasibət bildirib. Videonu təqdim edirik:



