Misli Premyer Liqasının 2-ci turunda 6 oyundan 5-də qonaqlar qələbə qazanıblar
Offsideplus.az xəbər verir ki, son 18 mövsümdə ilk dəfə belə hal yaşanıb.
Bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
Son belə hal çempionatın PFL bayrağı altında keçirilməyə başlamasından da əvvəl - 2007/2008 mövsümündə yaşanıb.
Cari mövsümün II turunda baş tutan altı oyundan beşində qonaqlar qələbə qazanıblar. “Araz-Naxçıvan” “Turan Tovuz”a, “Sabah” “Şamaxı”ya, “Zirə” “Qəbələ”yə eyni – 2:1, “Karvan-Yevlax” “Kəpəz”ə 3:2, “Sumqayıt” “Qarabağ”a 1:0 hesabı ilə qalib gəlib. Yalnız “İmişli”nin qonağı olan “Neftçi” səfərdə xal itirib.
2007-ci il dekabrın 1-2-də keçirilən XIII turun 7 oyununda qonaqlar 5 qələbə əldə ediblər. Həmin vaxt “Neftçi” “ABN-Bərdə”ni, “Bakı” “Turan”ı eyni – 2:0, “Standard” “Gənclərbirliyi”ni 5:1, “Masallı” “Karvan”ı, “Olimpik” “Qarabağ”ı eyni – 1:0 hesabı ilə məğlub edib. “Qəbələ” – “İnter” və “Xəzər Lənkəran” – “Simurq” görüşlərində isə meydan sahibləri üç xala seviniblər – hər ikisi 2:1.



