Qış transfer pəncərəsində Juninyonun gedişindən sonra "Qarabağ" klubunda daha bir ayrılıq yaşana bilər. 

Offsideplus.az "Football.az"a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin hücumçusu Nəriman Axundzadə karyerasını Norveçdə davam etdirəcək. Azərbaycan millisinin 20 yaşlı üzvü "Molde" ilə müqavilə imzalamaq üçün sözügedən ölkəyə yollanıb. Mənbədə bildirilib ki, Molde şəhərinin eyniadlı klubu "Qarabağ"a bu keçid üçün 400 000 avro ödəniş edəcək. 

Qeyd edək ki, "Molde" 2024-cü ildə Norveç çempionatını 5-ci yerdə başa vurub. 2025-ci il mövsümü isə martın 30-da start götürəcək. 

Xatırladaq ki, "Qarabağ"la 2028-ci ilədək müqaviləsi olan Nəriman Axundzadə cari mövsüm 32 oyuna çıxıb, 8 qol və 4 assistə imza atıb.