Ölkəmizdə qeyri-sabit hava şəraiti futbol üzrə Azərbaycan çempionatlarını iflic vəziyyətinə salıb.
Offsideplus.az xəbər verir ki, AFFA aşağı yaşlı futbolçuar arasında həftəsonu keçirilməsi planlaşdırılan oyunları təxirə salıb. Ümumilikdə 11 çempionatn qarşılaşmaları güclü qar yağması səbəbindən baş tutmayıb.
Bu gün isə vəziyyət kritik həddə çatıb. Hadisələr Misli Premyer Liqasının XXIV turu çərçivəsində keçirilməsi nəzərdə tutulan "Şamaxı" - "Turan Tovuz" matçı ətrafında yaşanır.
İş o həddə çatıb ki, çempionatın yayım hüququna malik "CBC Sport" telekanalının şəxsi heyətini və texniki avadanlıqlarını daşıyan avtomobillər Şamaxıya çata bilməyiblər. Səfərə bu gün səhər yollanan telekanal əməkdaşları Bakını tərk edər-etməz yola davam etməyin mümkünsüzlüyünü anlayıblar. Bununla da, "Şamaxı" - "Turan Tovuz" oyununun canlı yayımlanmayacağı dəqiqləşıb.
"Şamaxı şəhərinə 97 kilometr qalmış yoldakı vəziyyət daha da ağırlaşdığından və qəza şəraiti yarandığından heyətin və texniki avadanlığın təhlükəsizliyini nəzərə alaraq geri qayıtmaq haqqında qərar qəbul olunub. Şəxsi heyətin təhlükəsizliyi, insanların sağlamlığı və həyatı hər şeydən vacibdir. Oyunu yayımlaya bilmədiyimiz üçün azarkeşlərdən və tamaşaçılardan üzr istəyirik" - deyə "CBC Sport"un sosial media hesabında bildirilir.
Komandalar, oyunun təşkilatçıları və digər rəsmi şəxslər isə dünən Şamaxı şəhərinə gəliblər. Hamı Şamaxıda olsa da, bu dəfə "Turan Tovuz" aydın səmada şimşək effekti verən açıqlama yayıb. Tovuz təmsilçisi PFL-ə müraciət ünvanlayaraq, canlı yayım və VAR sisteminin olmadığına görə qarşılaşmanın şəffaf keçiriləcəyinə şübhələriini bildiriblər. Klub rəhbərliyi matçın təxirə salınmasını istəyir. PFL hələlik bu bəyanata cavab verməyib.
Matçın bu gün saat 14:30-da start götürməsi nəzərdə tutulub.