"Məğlubiyyət üzücü oldu. Ancaq belə oyunların təşkili bizim üçün vacibdir. Futbolçularımız səfər matçlarında yerli azarkeşlərin təzyiqi altında çıxış etməyə öyrəşməlidirlər".

Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının (U-21) baş məşqçisi Ayxan Abbasov Belarus yığmasına 1:3 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında deyib.

Gənc çalışdırıcı yoldaşlıq görüşündəki məğlubiyyətin səbəbini açıqlayıb: "Belarus komandasının öz meydanında daha yaxşı oynamağa çalışacağını gözləyirdik. İlk 35 dəqiqədə bizdə hər şey alınırdı. Qol vurduq, ikinci qol üçün şansımız oldu. Təəssüf ki, Raul Məmmədovun zədələnməsindən sonra birinci hissənin son 10 dəqiqəsində rəqib üstünlüyə yiyələndi və iki qol vurdu. İkinci hissədə nələrisə dəyişmək və hamıya şans vermək istədik. Belə olan halda istər-istəməz temp aşağı düşür. Bizim üçün bir sınaq idi, bundan nəticə çıxaracağıq. Səhvlərimiz üzərində işləyərək Monteneqro ilə qarşıdakı görüşə hazırlaşacağıq. İlk 35 dəqiqədəki yüksək templi oyunumuz gələcək üçün ümid verdi”.

Xatırladaq ki, bu, A.Abbasovun U-21-in sükanı arxasında 3-cü oyununda ilk məğlubiyyəti idi.

Bir neçə saatdan sonra Bakıya qayıdacaq yığmamız iyunun 8-də, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqro yığması ilə yoxlama görüşü keçirəcək.