Zaqreb "Dinamo"su 26 aprel 1911-ci ildə "HSK Qradanski" adı ilə yaradılıb.

1945-ci ildə siyasi səbəblərə görə klubun adı "Dinamo" olaraq dəyişdirilib. 1991-ci ildə isə "HASK Qradanski" ilə əvəz edilib. 1993-ci ilin fevralında isə "Xorvatiya Zaqreb" adlandırıldı. 2000-ci ildən etibarən isə "Dinamo Zaqreb" adı ilə çıxış etməyə başladı. 

Komanda Xorvatiyanın paytaxtı Zaqreb şəhərini təmsil edir. Klub ev oyunlarını 35123 nəfər tutuma malik olan "Maksimir" stadionunda keçirir. Zaqreblilərin ləqəbi "plavi"dir (mavilər). "Dinamo"nun baş məşqçisi Sergey Yakiroviçdir. Zaqreb təmsilçisi Xorvatiya futbolunun ən uğurlu komandası hesab olunur. Onların liqada əsas rəqibi "Hayduk"dur.

"Dinamo" 25 dəfə Xorvatiya çempionu, 17 dəfə ölkə Kubokunun sahibi olub. 8 dəfə Xorvatiya Super Kubokunu başı üzərinə qaldırıb. Həmçinin, 4 dəfə Yuqaslaviya çempionu, 7 dəfə Yuqaslaviya Kubokunun qalibi olub. Klub tarixinin ən böyük uğuru 1966/67 mövsümünə təsadüf edir. Zaqreblilər həmin illərdə Avropa Liqasının sələfi hesab olunan Şəhərlərarası Yarmarka Kubokunun qalibi olub. 1963-cü ildə finalda "Valensiya"ya məğlub olan komanda eyni yarışda ikinci yerə də yiyələnib. Klub ilk böyük uğurunu isə 1947/48 mövsümündə Yuqaslaviya çempionu olmaqla qazanıb.

"Dinamo" avrokubokların son 16 mövsümünün 15-də qrup mərhələlərinə vəsiqə qazanıb. Bunların 7-si Çempionlar Liqasına, 10-u Avropa Liqasına, 1-i isə Konfrans Liqasına təsadüf edir. Komanda 2018/19 mövsümündə Avropa Liqasının 1/8 final mərhələsinə yüksəlib. Növbəti turda "Benfika"ya əlavə vaxtda məğlub olaraq mübarizəni dayandırıb. "Dinamo" 2020/21 mövsümündə Avropa Liqasının qrupunda birinci yeri tutaraq 1/8 finala yüksəlib. Ardınca "Totenhem"i də üstələyərək 1/4 finala adlayıb. Ötən mövsümdə isə zaqreblilər Çempionlar Liqasının III Təsnifat mərhələsində Yunanıstan AEK-nə məğlub məğlub olaraq Avropa Liqasının pley-offuna düşüb. Burda da Praqa "Sparta"sından zəif olan Xorvatiya təmsilçisi Konfrans Liqasının qrupundan yoluna davam edib. 1/16 finala yüksələn kollektiv ispan "Betis"ni adlasa da, 1/8 finalda yenidən yunan komandası ilə bacarmayıb. Bu dəfə PAOK-a məğlub olaraq mübarizəni dayandırıb. 

Klubun ümumi transfer dəyəri 77,6 milyon avrodur. Heyətdə ən bahalı futbolçu 20 milyon avro dəyəri olan Martin Baturinadır. Qeyd edək ki, milli komandamızın hücumçusu Mahir Emreli də 2022-2024-cü illər aralığında Zaqreb "Dinamo"nun şərəfini qoruyub. 

Bu mövsüm artıq bir dəfə komandalarımız Xorvatiya təmsilçisinin yolunu kəsib. Buna Konfrans Liqasının III Təsnifat mərhələsində Xorvatiya "Osiyek"ni mübarizədən kənarlaşdıran "Zirə" nail olub. Ümid edək ki, eyni uğuru "Qarabağ"da təkrarlayacaq.