Yəqin ki, Mahir Emrelinin videosunu görmüsünüz. "Dinamo"nun (Zaqreb) heyətinə ya zədə, ya da baş məşqçinin etimadını qazana bilməməsi səbəbindən düşməyən millimizin üzvü deyir ki, adı Mahir yox, Mahiroviç olsaydı, qiyməti azı 80-85 milyon olardı.

Başa düşmədim, hücumçu kimliyindən narazıdır, yoxsa milliyətindən? Güclü futbolçu olmağın ismə nə dəxli var? Afrikanın cəngəlliklərindən çıxanlar necə ulduz ola bilirlər? Droqba, Kanu, Martins, Mane və s. futbolçular necə öz dəyərlərini artırdılar? Adlarını, kimliklərini dəyişərək, milliyətlərini inkar edərək?

Çox uzağa getməyək. Qafqazın digər ölkələri - Gürcüstan və Ermənistandan niyə dünya ulduzu çıxıb, amma bizdən yox. Bəlkə şəraitin Xviça Kvaratsxeliyadan, Henrix Mxitaryandan zəif olub?

Bunların hamısı boş şeylərdi, Mahir! Başını aşağı salaraq ancaq futbolla məşğul olsan, sənin də qiymətin ən azı 50-60 milyon olardı. Bu istedad səndə var idi. Amma şouya bağlılığın hər şeyin üstündən xətt çəkdi. Düzdür, hələ də gec deyil. 26 yaşın var. 6-7 il normal futbol sərgiləyə bilərsən. Bu boş fikirləri başın at və futbolunu oyna! Dünya ada baxmır. Sənin qabında nə var əsas odur. Həm də 5-6 il öncə Mədətov idin, sonra soyadını dəyişərək Emreli etdin. Bu, hansısa effekti verdi ki? İndi istəyirsənsə, adını dəyiş. Şouda, əyləncədən uzaq olmasan, heç nə düzələn deyil!

İLKİN SULTANLI