UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab matçında "Lex"i 5:1 hesabı ilə məğlub edən "Qarabağ" açıqlama yayıb.

 Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi oyunun təşkilində əziyyəti olan hər kəsə təşəkkürünü bildirib:

"Qarabağ - Lex" oyunu təşkilatı baxımdan bir sıra yeniliklərlə yadda qaldı. Belə ki, azarkeşlərin stadiona rahat gəliş-gedişi və təhlükəsizliyi üçün klubumuz, həmçinin stadion əməkdaşları ilə yanaşı, polis işçiləri, könüllülər əllərindən gələni etdilər. Matçın təşkilində əməyi keçən hər kəsə - Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşlarına , Daxili İşlər Nazirliyinin oyunda xidmət göstərən yüksək rütbəli zabitlərindən sıravi əməkdaşlarına qədər hər kəsə və eləcə də könüllülərə sonsuz təşəkkürlər!

Qarabağ FK olaraq, komandamıza daim dəstəyini əsirgəməyən Gənclər və idman naziri Fərid Qayıbova xüsusi minnətdarlığımızı bildiririk. "Sürix"lə oyunda görüşənədək".