"Fənərbağça"nın ulduz oyunçusu Məsut Özil təkcə futboldan yox, həm də şəxsi biznesindən xeyli gəlir əldə edir.

 Offsideplus.az xəbər verir ki, Türkiyənin "Fanatik" qəzetinin əməkdaşı Atalay Özçelikli 33 yaşlı yarımmüdafiəçinin biznes həyatına baş vurub.

Araşdırma nəticəsində "10 nömrənin" əlinin altında xeyli ticarət obyektlərinin olduğu üzə çıxıb.

Futbolçunun biznes imperiyasına daxil olan bəzi gəlir sahələrini diqqətinizə çatdırırıq.

Özil "39 Steps Coffee Haus" adlı restoranlar şəbəkəsinin sahibidir. Onun İngiltərədə xeyli obyektləri olsa da, futbolçu restoranları İstanbul şəhərində də açmaq niyyətindədir.

Məsut tekstil sektoruna da "qarmaq atıb". Onun "M10" adlı idman paltarları hazırlayan tikiş fabriki də mövcuddur. Paltarların üzərinə xüsusi loqosunu vurduran Özil buradan da xeyli pul qazanır.

Türkiyəli futbolçu kosmetika sahəsinə də baş vurmamış deyil. Həyat yoldaşı Aminə Gülşəylə birgə "CTZN" adlı kosmetika firmasına ortaq olan təcrübəli yarımmüdafiəçi artıq Amerika bazarına da çıxmağı bacarıb.

Özil həmçinin şəxsi kriptovalyutasını hazırlayır. Uzun müddətdir bunun üzərində çalışan futbolçu yaxın zamanlarda "M10 Token" adlı kriptovalyutanı dövriyyəyə buraxmağı hədəfləyir.

Araşdırmaçı jurnalist futbolçunun başqa biznes sahələrində də aktiv olduğunu bildirərək növbəti yazılarında bunlara da toxunacağını bildirib.