Cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla "İnter" formasıyla meydana çıxdığı 33 oyunda 15 qol vurub, 7 məhsuldar ötürmə verən Lautaro Martinezin adı başqa komandalarla yanaşı hallanır.

Argentina millisinin də şərəfini qoruyan 23 yaşlı futbolçunun karyerasını daha imkanlı klubların birində davam etdirəcəyi deyilir.

Offsideplus.az xəbər verir ki, səbəbkar verdiyi açıqlama ilə şayiələrə son qoyub. Martinezin "Gazzetta dello Sport"a dedikləri: "Bəli, "Barselona" ilə danışıqlarımız olub, bunu gizlətmirəm. Dərhal da baş məşqçiyə məlumat verdim. Ki, "İnter" haqda düşünürəm, danışıqlar oyunuma heç bir mənfi təsirini göstərə bilməz. Amma bunlar keçmişdə qalıb. Mən isə "İnter"lə yeni müqavilə bağlamağa hazırlaşıram. Klub, şəhər, fanatlar - burda məni hər şey qane edir. Uzun illər "İnter"də qalmaq istəyirəm. Klubun yeni müqavilə ilə bağlı nə vaxt məlumat yayacağını deyə bilmərəm".

Qeyd edək ki, Martinez 2018-ci ildən "göy-qaralar"ın şərəfini qoruyur. "Transfermarkt" futbolçunun transferi qiymətini 70 milyon avro dəyərləndirir.