Beynəlxalq dərəcəli hakim Elçin Məmmədov iş yerini dəyişib.

Offsideplus.az xəbər verir ki, yaxın günlərə qədər Frits Stuxlikin rəhbərlik etdiyi Hakimlər Komitəsində beş üzvdən biri olan Məmmədov bundan sonra futzalda əsas söz sahibi olacaq. Elçin bəyin boşaltdığı postda isə Babək Quliyev təyin olunub.

Məmmədova gəlincə, bundan sonra Azərbaycan Futzal Federasiyasının tərkibində yaradılan futzal üzrə əlaqələndirici vəzifəsini icra edəcək. Bu isə o deməkdir ki, sabiq referi bundan sonra Stuxlikə yox, futzal federasiyasının rəhbəri Zaur Axundova tabe olacaq. Elçin bəy futzal hakimlərinə dərslərin keçilməsinə, eləcə də təyinatlara cavabdehlik daşıyacaq.

Məsələyə aydınlıq gətirmək, həmçinin təfərrüatı öyrənmək üçün səbəbkarla əlaqə saxladıq: “Doğru məlumatdır. Bundan sonra federasiyanın tərkibində futzal üzrə əlaqələndirici vəzifəsini icra edəcəm. Bu cür işi mənə həvalə edən Zaur Axundova, eləcə də AFFA-nın baş katibi Elxan Məmmədova təşəkkür etmək istəyirəm. Ciddi mənada heç nə dəyişməyəcək. Çünki yerimə təyin olunan Babək Quliyev təcrübəli və dəyərli mütəxəssislərdəndir. Yeni işimdə Hakimlər Komitəsi ilə sıx əməkdaşlıq davam edəcək”.