Avrokuboklarda bu həftə keçirilən oyunlardan sonra klubların yeni reytinq cədvəli açıqlanıb.

Offsideplus.az xəbər verir ki, oyunlar cədvəldə müəyyən dəyişikliklərə səbəb olub. Azərbaycan klubları arasında ən yaxşı göstəriciyə "Qarabağ" malikdi. Belə ki, mövqeyi dəyişməz qalan Ağdam təmsilçi 21,000 xalla  “Feyenoord” (Niderland), LASK (Avstriya) və “Styaua” (Rumıniya) ilə birgə 67-70-ci pillələri bölüşdürür.

“Qəbələ” isə 5,500 xalla 209-217-ci yerləri bölüşür. Mövqeyini qoruyan təmsilçimizlə “Riqa” (Latviya), “Proqres” (Lüksemburq), “Honved” (Macarısta), “Vaduts” (Lixtenşteyn), “Kalyu” (Estoniya), HİK (Finlandiya), “Lütsern” (İsveçrə), “Vitorul” (Rumıniya) və “Domjale”nin (Sloveniya) eyni xalı var.

"Qarabağ" və "Qəbələ"dən fərqli, “Neftçi” reytinqdə geriləyərək, 244-248-ci yerləri bölüşür. "Ağ-qaralar"ın şərikləri “Dunayska Ştreda” (Slovakiya), “KuPS” (Finlandiya), “Dinamo” (Belarus), “Ararat Armeniya” (Ermənistan) və “Hafnarfyordur”du (İslandiya).

Azərbaycanın digər klubları - “Keşlə”, “Sumqayıt”, “Səbail”, “Zirə” və “Kəpəz” 2,500 xalla  301-ci yerə şərikdirlər.

Qeyd edək ki, siyahıya  “Bavariya” (127,000) başçılıq edir.