PSJ-nin Lionel Messini heyətinə qatmaq istəməsi "Barselona"da ciddi narahatlıq doğurub.

Fransa təmsilçisinin açıq mesaj göndərib, futbolçuya gizli vədlər verməsi, argentinalı ulduzun fransız dili kurslarına yazılması ispanlara dinc oturmağa imkanı vermir. 

Offsideplus.az "L"Equipe"ə istinadla xəbər verir ki, "Barsa"da prezidentliyə namizədlərdən biri Xuan Laporta məsələ ilə bağlı danışarkən PSJ rəhbərliyini hədələyib: "Yaşananları normal hesab etmirəm. Bu, PSJ rəhbərliyinin yüksək səviyyəli transferlərdəki təcrübəsizliyini göstərir. Görünür, dünya futbolunda öyrənəcəkləri çox şey var. Mən hər zaman başqa klublara hörmətlə yanaşmışam. 

PSJ Messini heyətinə qata bilərmi? Mümkündür, edərlər, amma maliyyə feyr-pleyinin qaydalarını pozmaqla. Mənə bir şey maraqlıdır, görüsən, Messi ilə güclənmək üçün aidiyyatı orqanların qoyduğu tələblərə zidd hərəkət edəcəklər, ya yox. Bu baş versə, FİFA ilə UEFA-nın lazımi ölçü götürəcəyinə, İdman Arbitraj Məhkəməsinin isə haqqın yanında olacağına ümid edirəm". 

Qeyd edək ki, Messinin katalonlarla müqaviləsinin müddəti 2021-in yayına qədərdir. Laporta isə 2003-10-cu illər aralığında "Barselona"nın prezidenti olub.