Düz 15 il öncə olmuş hadisənin üstü açılıb.

Dünyaca ünlü futbolçulardan biri Dieqo Kosta Moskva "Dinamo"sunda baxışda olanda bəyənilməyərək komandadan göndərilib.

Offsideplus.az xəbər verir ki, bu barədə agent Gilyerme Reys "Matç" TV-yə açıqlamasında deyib. Rusiyada bir neçə futbolçunun menecerliyini edən şəxs həmin olayı bu cür nəql edib: "Mən sizə 2006-nın yanvarından danışıram. Tanınmış agent Jorje Mendeş 17 yaşlı Kostanı "Dinamo"ya baxışa göndərmişdi. Öncə əvəzedici komandada sınamışdılar. Dieqo 10 dəqiqəyə het-trik etməklə bacarığını nümayiş etdirmişdi. Ardınca Yuri Syomin onu əsas komanda ilə İspaniya toplanışına aparmışdı. Oyunun gedişində Syomin Dieqoya qəfil oyuna daxil daxil olmaq tapşırığı verib. Həmin an ayaq qoruyucuları olmayıb deyə, Kosta yan-yörəsində "şitki" axtarmağa başlayıb. Bunu görən Syomin "otur yerində, başqası gəlsin" deyib, bununla da Kostanın "Dinamo" karyerası başlamadan bitib.

Dieqo Braziliyanın şimal bölgəsindəndir. Oranın insanları isə tənbəl olur. Kosta da tənbəlliyinin güdazına gedib".

Agentin dediklərindən sonra "Çempionat"ın əməkdaşı Yuri Pavloviçlə əlaqə saxlayıb. 73 yaşlı mütəxəssis hadisə ilə bağlı bunları deyib: "Olubsa da, çoxdan olub, xatırlamıram. Agentin sözlərinə gəlincə, bu onun şəxsi fikridir".

Qeyd edək ki, Dieqo Kosta təkcə "Atletiko" ilə "Çelsi"nin heyətində meydana çıxdığı 304 oyunda rəqib qapılarına 149 dəfə yol tapıb. İspaniya millisində isə 26 matçda 10 qol vurub. Futbolçu Braziliyada doğulub, böyüsə də, futbolda böyük addımlarını İspaniyada atıb ki, sonradan bu ölkənin millisində oynayıb.