Ronaldinyo futbolla vidalaşandan sonra ortalıqda görünmür.

Nə məşqçiliklə məşğul olur, nə menecerliklə, nə də hansısa klubda söz sahibi olmaq niyyətindədir. Əvəzində özünə başqa məşğuliyyətlər tapır. Bir müddət öncə saxta pasport istifadəçisi olduğuna görə Paraqvayda saxlanılmışdı. İndi də incəsənət sahəsində bacarığını nümayiş etdirir.

Offsideplus.az xəbər verir ki, milyonların sevimlisi son 1 ayda 2 klipə çəkilib. Əslində klipə çəkilib demək doğru deyil. Çünki çarxdakı aktyorluq və ya rep demək bacarığı haqda fikir yürütmək mümkünsüzdür. Görünən Ronaldinyonun klipdə yer alması, qızlarla rəqs etməsidir. 

Roninin əməkdaşlıq etdiyi rep qrupunun adı “Tropa do Bruxo”dur. Qrupa sırf klipdə yer almaq üçün yox, qrupun siması, prodüser və bəstəkar kimi qoşulub. 3 həftə əvvəl təqdim olunan klipə indiyə qədər “youtube”da 3 milyona yaxın baxış olub. Dünən təqdim olunan növbəti klipə isə sutka ərzində 280 min nəfər baxıb.

İndi Braziliyada hamı “Tropa do Bruxo” ilə Ronaldinyonun işbirliyindən, eləcə də klipdə yer alan qızların rəqs bacarığından danışır.

Qeyd edək ki, Ronaldionyo 2001-11-ci illər aralığında PSJ, "Barselona", "Milan" kimi klublarda azarkeşlərin sevimlisi olub. Braziliya millisində 97 oyunda 33 dəfə fərqlənib.