"Qalatasaray"dan ayrılacağı deyilən Radamel Falkao hələ ki, Türkiyəni tərk etmək niyyətində deyil.

Lakin görünən odur ki, ünlü isim "sarı-qırmızılar"dan ayrılandan əvvəl özünə yeni iş yeri axtarmağa başlayıb.

Offsideplus.az "Aspor"a istinadla xəbər verir ki, fevralda 34 yaşını tamamlayacaq hücumçu karyerasının qürub çağında vətəninə yaxın ölkədə oynamaq niyyətindədir. Falkaonun "instaqram" hesabında Mayami "İnter"ini izləməyə başlaması boşuna ola bilməz. Bu qədər klub varkən niyə məhz "İnter"?

Görünür, Radamel bir müddət öncə Messi ilə adı yanaşı çəkilən Mayami təmsilçisinə "mən də varam" mesajı göndərmək istəyib. Ya da "İnter"lə danışıqlara start verib. Hər halda "Atletiko", "Monako", "Mançester Yunayted", "Çelsi" kimi komandaların keçmiş üzvünün bu addımı qardaş ölkədə səs-küylə qarşılanıb. Buna ən çox sevinən isə, heç şübhəsiz, "Qalatasaray" rəhbərliyi ilə azarkeşləridir.

Qeyd edək ki, "İnter"in prezidenti əfsanəvi Deyvid Bekhemdir. Komandanın şərəfini qoruyan futbolçular əsasən ABŞ, Argentina, Bolliviya, Kanada, Meksikadan olan futbolçulardır.