Ötən həftə Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində baş tutan PSJ - "Başakşehir" qarşılaşması ciddi səs-küyə səbəb olmuşdu. Oyunun dördüncü hakimi Sebastyan Kolçeskunun "Başekşehir"in məşqçisi Pyer Veboya "black" (qara) deməsinə görə oyun yarımçıq dayandırılmış, bir gün sonra başka ölkədən olan hakimlərlə davam etdirilmişdi.

Mövzu ilə bağlı yeni xəbər var.

Offsideplus.az "sport.ro"ya istinadla xəbər verir ki, həmin gün söz atışmasında fəallardan olan "Başakşehir"in futbolçusu Demba Ba ilə qalmaqala səbəbkar olan rumın hakim telefonda danışıb. Telefon danışığını isə Banın dostu, vaxtilə Rumıniya çempionatına oynamış Osman Ndoye təşkil edib.

Ndoye mətbuata açıqlamasında təfərrüata varıb: "Hadisədən dərhal sonra Kolçeskunu nömrəsini öyrənib ona zəng etdim. Ona dəstək olduğumu dedim. Çünki rasist olmadığını bilirəm. Sadəcə, orda anlaşılmazlıq olmuşdu. Ardınca Demba Baya zəng vurdum, o mənim yaxın dostumdur. Yığmada ilk qolunu vuranda ötürməni mən vermişdim.

Baya hər şeyi başa saldım, o da anlayışla qarşıladı. Sonra Banın nömrəsini Sebastyana verdim və xahiş etdim ki, zəng vursun. Telefonda xeyli danışıblar və bir-birini çox gözəl başa düşüblər. Telefon danışığından sonra hər ikisi mənimlə əlaqə saxlayıb xoşbəxt və rahat olduqlarını söylədilər. Demba mənə bilirsiz nə dedi? Dedi, Kolçesku çox yaxşı adamdır. Eyni sözləri də Kolçesku Ba haqqında söylədi. İndi dost olublar”.

Qeyd edək ki, həmin gün mübahisə vaxtdı Demba irqçi ifadəyə kəskin reaksiya vermişdi. O, hakimin üstünə yeriyib, “bəs ağ insanları niyə “ağ” çağırmırsız” sualını vermişdi.