Futbol sahəsindən tanıdığımız 10-larla insan həyatını ölkədən kənarda sürdürür.

Almaniya, İsveç, Kanada, Avstraliya, Rusiya, Türkiyə, hətta uzaq ABŞ-da belə, illərini futbola həsr etmiş azərbaycanlı balalarına rast gəlmək mümkündür.

Offsideplus.az xəbər verir ki, onlardan biri də Etibar İbrahimovdur. Futbolçu karyerası uğurlu alınmadığından, gənc yaşlarında məşqçilik sənətinə yiyələnməklə qısa müddətdə Pro kateqoriyasına sahib olub. 42 yaşlı mütəxəssis vaxtilə U-15, U-16, U-17 və U-19 millilərində köməkçi-məşqçi funksiyasını yerinə yetirib, bir neçə il əvvəl Hindistanın U-17 yığmasında Nikolay Adamın köməkçisi kimi çalışırdı. Sonuncu iş yeri isə 2018/19 mövsümündə Birinci Divizionda baş məşqçisi olduğu "Kəpəz" idi. 

Etibar İbrahimovun himayəsində dörd oğul övladı var ki, onlardan biri xəstədir. Səhhətində ciddi problemin olması evin xərc yükünü birə-beş artırıb. Ölkədə elita xaric, digər liqalarda məşqçilərə təklif olunan maaşla isə güclə ailə saxlaya bilirsən. Odur ki, gəncəli məşqçi nisbətən çox qazanıb ailəsini dolandırmaq, həm də xəstə balasını ayağa qaldırmaq üçün ABŞ-a üz tutub. Niyyəti orda futbol fəaliyyəti ilə məşğul olmaq imiş. Lakin planların pozulması, ardınca pandemiyanın baş qaldırması həmyerlimizi çətin vəziyyətdə qoyub.

İbrahimov Azərbaycana qayıtmağın mənasız olduğunu qəbul edərək 2019-un payızından orda qalmağı qərara alıb. 1 ildən çoxdur ki, ABŞ-dadır, Vaşinqtonda. Daşıma və çatdırılma xidməti göstərən şirkətlərin birində sürücü işləyir. Ümidini nə vaxtsa ABŞ-da futbolla bağlı sahədə işləyəcəyinə dikib.