Azərbaycan millisinin və “Qarabağ” klubunun kapitanı Maksim Medvedev, nəhayət ki, vətənə qayıdıb.

Offsideplus.az xəbər verir ki, bu barədə təcrübəli müdafiəçi özü məlumat verib. Sloveniya ilə yoxlama görüşündə(11 noyabr - 0:0), Millətlər Liqasında isə Monteneqro ilə (14 noyabr – 0:0) qarşılaşmadan sonra noyabrın 16-da Lüksemburqla oyun (0:0) üçün adıçəkilən ölkəyə yollanan heyətdə yer alan 31 yaşlı sağ cinah oyunçusu koronavirusa yoluxduğu üçün orada qalmışdı.

Ötən 18 günü Lüksemburqdakı otellərin birində təcrid vəziyyətində keçirən Medvedev bu gün Bakıya qayıdıb. Artıq koronavirusdan sağalan Maksim özünü tam sağlam hiss etdiyini və tezliklə komandaya qoşulacağını söyləyib.

Qeyd edək ki, “Qarabağ” növbəti oyununu Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində dekabrın 6-da “Qəbələ”yə qarşı keçirəcək (apasport.az).