"Bakı"nın yetirmələrindən olan, bu komandanın heyətində 2014-15 mövsümünü 15 qolla çempionatın bombardiri kimi başa vuran Nurlan Novruzov xeyli vaxtdır ölkə xaricində top qovur.

Bir ara səsi Türkiyənin Həvəskarlar Liqasından gəlirdi, daha sonra Moldovada futbol oynadı, son olaraq "Narva Trans"da idi. Lakin Estoniya macərası da uzun sürmədi. 27 yaşlı həmyerlimiz "Narva Trans"dan ayrıldığı açıqlayıb. Səbəb isə...

Offsideplus.az Nurlan Novruzovun komandanı tərk etməsi ilə bağlı "Futbol+"ə dediklərini təqdim edir: "O, komandaya gəlişinin ilk günündə paltardəyişmə otağında futbolçularla söhbət edirdi və birdən üzünü mənə çevirib söhbət etməyə başladı. Bütün komandanın içində üzümə dedi ki, “hey, Nuri, gəl bura”. Salamlaşdıq, mənimlə ilk söhbəti futbol yox, qəribə məqamla bağlı oldu. İlk dəfə belə şeylə qarşılaşırdım. Məşqçi hər kəsin yanında “mən türk sevmirəm” dedi. Öncə bunu zarafat bildim. Amma tam ciddi dediyini gördüm, pis oldum. Heç nə demədim. Çünki məşqçi Cenk Özcan klubdan yeni ayrılmışdı və cəmi 8 oyun oynamışdım".

Yeni baş məşqçi Valeri Bondarenkonun əməlləri isə insanlıq adına rəzalətdir: "Bondarenko estondur, lakin arvadı ermənidir. Yoldaşının erməni olması onun mənimlə prinsip aparmasına gətirib çıxardı. Bəzən elə olurdu ki, məşqi tərk etmək istəyirdim. Çünki “kvadrat” oynayanda belə, gəlib mənə bilərəkdən irad tutmaq üçün adi səhvlər axtarır, yəni nəsə səbəb tapmağa çalışırdı ki, oynatmasın. Heç nə demədim. Çünki nəsə dəsəydim, komandadan fərqli şəkildə ayrılacaqdım. O zaman Azərbaycanda hər kəs deyəcəkdi ki, Nurlan intizamsızdır. Açığı, ilk dəfə belə şey yaşadığımdan susurdum, bilmirdim necə reaksiya verim. Cenk komandadan gedəndə may ayı idi, səhv etmirəmsə, sonra o gəldi. O vaxtdan tək bir şey var idi ağlımda: burda bununla dalaşsam, məcbur ayrılacam klubdan. Qısası, türk olduğuma görə mənimlə prinsip aparsa da, səbr edə bildim. Mənə iradlarına rağmən, daha da acıqlanırdım və onun istədiyini etmirdim. O tək bir şey istəyirdi ki, mən ona cavab qaytarım".