Martdan bu yana klubsuz qalan Mario Balotelli yeni klubu ilə müqavilə bağlaya bilər.

Offsideplus.az "Tuttosport"a istinadla xəbər verir ki, ərköyün hücumçu ilə Braziliya klubu maraqlanır. Belə ki, "Vaksu da Qama" Balotellini heyətinə qatmaq üçün hərəkətə keçib. Tərəflər arasında danışıqlar davam edir. Futbolçunun okeanın o tayına getməkdə maraqlı olub-olmadığı haqda məlumat verilmir. 

Xatırladaq ki, Mario sonuncu dəfə martda "Breşiya" formasında meydana çıxıb. O vaxtdan bu yana işsizdir.

İtaliya millisinin sabiq forvardı karyerası ərzində "İnter", "Mançester Siti", "Milan", "Liverpul" kimi top-komandaların şərəfini qoruyub. 2009-10 mövsümündə "İnter"lə Çempionlar Liqasının qalibi olub.