Sosial mediada çoxları Nazim Süleymanovu AFFA-nın strukturlarının birində rəhbər olaraq görürlər.

Bəzi futbol azarkeşləri isə sabiq hücumçunu AFFA-nın icraçı vitse-prezidenti, eləcə də prezidenti olmasını təklif edirlər. AFFA Həmkarlar İttifaqının sədri özünü AFFA prezidenti və ya icraçı vitse-prezidenti kimi təsəvvür edirmi? Onun məqsədi bu vəzifələrə gəlməkdirmi?

Məsələ ilə bağlı Offsideplus.az-a açıqlama verən Nazim Süleymanov AFFA prezidentliyinə və ya baş katibliyə iddiası olmadığını bildirib:

“Həmkarlar İttifaqının məqsədi vəzifə deyil. Bir çoxları haqqımızda belə fikirləşsə də, biz ölkə futboluna xeyir verməyi düşünürük. İndiki dövrdə əsas istəyimiz Həmkarlar İttifaqının adının qəbul edilməsidir. Prezidentə məktubu da bu istiqamətdə yönləndirmişdik. Sosial şəbəkələrdə, İctimaiyyətdə məni federasiya rəhbəri icraçı vitse-prezident olaraq görürlər. Bu, sevindirici haldır. Lakin indiki halda AFFA-nın prezidenti Rövnəq Abdullayevdir. O, futbolun inkişafı üçün maliyyəni ayırır. İcraçılar isə düzgün istiqamətdə işlər görmürlər. Mənim iddiam nə AFFA prezidenti olmaqdır, nə də baş katib. Biz Həmkarlar İttifaqı olaraq öz fikirlərimizi həyata keçirmək, federasiyaya bu istiqamətdə yön vermək niyyətindəyik”.

 

İlkin Sultanlı