FİFA və UEFA Ermənistan futbolunu öz bayrağı altından keçirilən yarışlardan kənarlaşdıra bilər.

Offsideplus.az xəbər verir ki, “Sputnik Armenia” ölkə hakimiyyətinin yerli federasiyanın işinə müdaxiləsinin narahatlıq doğurduğunu yazıb.

Dekabrın 23-də EFF-nin konqresində prezident vəzifəsinə seçki keçiriləcək. Bu vəzifəyə hazırda iki namizəd var – Armen Melikbekyan və Tomas Qriqoryan. Hazırda hakimiyyət nümayəndələri Melikbekyana ciddi şəkildə dəstək verirlər və onu rəhbərliyə gətirmək istəyirlər. Armen Melikbekyan Milli Təhlükəsizlik Xidmətində çalışır. Ona görə də onun prezident olması üçün dövlət qurumlarının inzibati resurslarından istifadə olunur. Tomas Qriqoryan isə bundan öncəki rəhbərlərdən olmuş Ruben Ayrapetyanın adamı sayılır.
Beynəlxalq futbol təşkilatları yerli dövlət təşkilatlarının müstəqil qurum olan milli federasiyanın işinə müdaxiləsini yolverilməz sayır və buna görə sanksiyalar nəzərdə tutur. Bütün bu proseslər milli komandalar və klubların bir neçə il müddətinə beynəlxalq səviyyəli yarışlardan uzaqlaşdırılmasına gətirib çıxara bilər. Ermənistanın daxili çempionatının oyunlarında qeydə alınan mübahisəli nəticələr də FİFA və UEFA-nın diqqətini çəkib.