Türk əsilli futbolçu Məsut Özilin Şərqi Türküstanda insan hüquqlarının pozulması ilə bağlı tənqidi Çin hökumətini özündən çıxarıb.

Offsideplus.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi Özilin saxta xəbərlərə aldandığını iddia edib.

"Arsenal"ın formasını geyinən futbolçu Çin Xalq Cümhuriyyəti tərəfindən Uyğur türklərinə yönələn assimilyasiya siyasətini və insan hüquqlarının pozulması hallarını "İnstagram" hesabında tənqid etmiş, bu səbəbdən "Arsenal" - "Mançester Siti" matçı Çin Dövlət Televiziyası tərəfindən yayımdan qaldırılmışdı.

Çin uyğur türklərinə və müsəlmanlara qarşı assimilyasiyaya yol vermədiyini bildirib.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Genq Şuanq Məsutu Çinə dəvət edib: "Özil bəy Xinyanqa heç gəlibmi bilmirəm, ancaq saxta xəbərlərə inanıb. Onu Xinyanqa gəlməyə və hər şeyi öz gözləri ilə görməyə dəvət edirəm. Vicdanlı davranaraq, doğru ilə yanlışı ayıra bilirsə, tərəfsiz və ədalətli davranırsa, fərqli bir Xinyanq görəcək".

Türk əsilli alman ulduz sosial media hesablarında Uyğur türkləri ilə bağlı qərb mediasında xəbərlər yayıldığı halda müsəlman dünyasının susqunluğuna diqqət çəkərək bu sözləri yazmışdı:
"Əziyyətlərə qarşı dirənən mücahid və mücahidlər toplusu. Zorla İslamdan uzaqlaşdırılmağa qarşı təkbaşına mübarizə aparan şanlı möminlər. Quranlar yandırılır, məscidlər bağlanır, mədrəsələr qadağan olunur, din alimləri tək-tək öldürülür. Qardaşlar zorla düşərgələrə salınır. Onların əvəzinə çinli kişilər evlərinə yerləşdirilir. Müsəlman bacılar çinli kişilərlə evləndirilir. Bütün bunlara rəğmən Məhəmməd ümməti susur, səsi çıxmır. Müsəlmanlara sahib çıxılmır. Bilmirlərmi ki, zülmə izn vermək də zülmdür. Həzrət Əli nə gözəl deyib: "Zülmə əngəl ola bilmirsinizsə, bu barədə məlumatlandırın". Qərb mediası və dövlətlərində aylardır, həftələrdir bu mövzu gündəmdə ikən Müsəlman ölkələri və mediası hardadır? Bilmirlərmi ki zülmün olduğu yerdə bitərəf qalmaq namussuzluqdur... Bilmirlərmi ki, illər sonra ordakı qardaşlarımızın bu acı günlərə dair xatırladıqları zalımların işgəncəsi deyil, biz müsəlman qardaşlarının səssizliyi olacaqdır. Ya Rəbb, Şərqi Türküstandakı qardaşlarımıza yardım et..."

Xatırladaq ki, "New York Times" qəzetinin əldə etdiyi məlumatlar sayəsində Çində uyğur türklərinə qarşı qeyri-insani davranışlar barədə  faktlar ortaya çıxmışdı.

 

Zeynəb Əliyeva