“Qarabağ” Kiprin Apoel klubuna iki oyunun nəticəsinə görə (2:3) məğlub olaraq, mübarizəni dayandırıb. Səfərdən 2-1 hesablı üstünlüklə dönən Ağdam klubunun doğma meydanda 0-2 hesablı məğlubiyyətindən daha çox, hücumçu Mahir Emrelinin qonaqların kapitanı Giorgos Merkislə olan dialoqu müzakirə olunub.

34 yaşlı yunanıstanlı müdafiəçi "Qarabağ"ın futbolçularından biri ilə yaşadığı dialoqu Kipr televiziyasının efirində səsləndirib: "Oyun zamanı epizodların birində hakimdən cərimə zərbəsi tələb etdim. Rəqibin hücumçusu (Mahir Emreli – red) isə mənə dedi ki, “qadın kimi ağlama”. Ona "Ağlamıram, yunanam", - deyə cavab verdim. Mənə cavabında bildirdi ki, “türklərin sənə nə etdiyini xatırlayırsan?” "Yadımdadır, bu gün nə edəcəyinizi göstərin", - deyə ona cavab verdim". Biz ona göstərdik".

Bir həftə əvvəl keçirilən qarşılaşmada, kiprlilərin stadiona erməni bayrağını gətirdiyini provakasiya kimi qiymətləndiririksə, Mahirin bu hərəkətinə də eyni reaksiyanı verməliyik. Söz yox ki, rəqibin ağlamamasını yunanlı olması ilə əlaqələndirməsi də düzgün deyil. Türkiyə-Yunanıstan müzakirəsini futbolçular yox, siyasətçilər etsin, Mahir də, bacarırsa, oynasın. Oyunun yaxşılarından hesab edilsə belə, hücumçunun işi qol vurmaqdır, Mahir isə “söz vurdu”.

Mahirin “qadın kimi ağlama” ifadəsinə gəlincə, bəli, bu kimi fikirlərə dünya futbolunda çox rast gəlirik. Ancaq bu fakt belə ona bəraət qazandırmağımıza rəvac vermir. İstənilən peşəkar çalışdığı sahədə peşə etikasına əməl etməlidir. Futbolçudan meydanda gözlədiyimiz nəticədir. Bəs Mahir nə edir? Dilini dinc qoya bilmir. Belə provokasiyalar isə heç də yaxşı nəticələrə gətirib çıxarmır. Futbolçuların axmaq hərəkətlərinin xalqların bir-birinə nifrət bəsləməsinə yol açması sirr deyil. Belə provokativ çıxışların hansı nəticəcələr verəcəyini isə mütləq növbəti Azərbaycan-Kipr klublarının qarşılaşmalarında görəcəyik.

Mahirin bu fikrini millətçilər dəstəkləsə də, tənqid edənlər də az deyil. Nəticəyə baxsaq, bu dialoqda yerinə oturdulan Mahirdir, dolayı yolla... Yaxşı olar ki, biz də bu mövzudan yan keçək və futbola qayıdaq.

Bu söhbətdə yeganə müsbət tərəf Emrelinin ingilis dili biliyi oldu. Legioner həyatı yaşasa, heç olmasa, komanda yoldaşları ilə danışa biləcək.