Moskva "Spartak”ının azərbaycanlı futbolçusu Ayaz Quliyev ictimai qınağa tuş gəlib.

Offsideplus.az "Moskovskiy Komsomolets”ə istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Moskva küçələrinin birində amerikalı turisti döyüb.

Hadisə bu gün saat 10-11 aralığında kameraların yaddaşına köçürülüb. Quliyev idarə etdiyi maşınla svetofora məhəl qoymadan yolu qırmızı işıqda keçib. Bu zaman onun avtomobili piyada keçidindəki amerikalı turistə - Maykl Ko Couns Eliyə toxunub. Maşından düşən Ayaz piyadaya hücum çəkib. Gənc futbolçu amerikalının burnunu qırıb. Hadisə yerinə polis və təcili tibbi yarım gəlib.

Quliyev əvvəlcə günahın turistdə olduğunu, onun maşınına zərbə vurduğunu desə də, daha sonra səhvini etiraf edib və qarşı tərəfdən dəfələrlə üzr istəyib. O, turistin xəstəxana xərcini də üzərinə götürüb. Couns Eli isə futbolçudan şikayətçi olmadığını bildirib. 

Rusiya mətbuatı ötən ilin dekabrında "Mersedes" alan Quliyevin 200-ə yaxın yol hərəkət qaydasını pozduğunu vurğulayıb.