Ötən həftə "Azərbaycan klubu 7 milyon dollar dəyərində futbolçu axtarır" başlıqlı xəbər vermişdik.

Sözügedən məlumat yerli mediada və sosial şəbəkələrdə böyük marağa səbəb oldu.

Offsideplus.az olaraq xəbərdə adı keçən "Xırdalan City" qadın futbol klubunun meneceri Ağasəf Osmanlı ilə əlaqə saxladıq və mövzunu aydınlaşdırmağa qərar verdik.

- Ağasəf bəy, ötən həftə mediada yayımlanan xəbər böyük marağa səbəb oldu. Bu haqda fikirlərinizi bölüşməyinizi istərdik.

- Təşəkkür edirəm. Axtarırıq. 7 milyon dollar dəyərində hücumçu axtarırıq. Və əminik ki, bu futbolçunu tapacağıq. Təbii ki, 7 milyon dollar simvolik bir məbləğdir. Bu gün Azərbaycanda nəinki 7 milyon, təəssüf ki, heç 7 min dollar dəyərində qadın futbolçu tapmaq da demək olar ki, qeyri-mümkündür. Buna səbəb olan bir neçə amillər var. Bu xəbərlə biz qadın futboluna və bu səbəblərə diqqət çəkməyi hədəfləmişik.

- Qadın futbol klubunun meneceri olaraq sizdən qadın futbolunun təsvirini eşitmək istərdik.

- Futbol və qadınlar özəl tandemdir. Diqqəti sevirlər. Bu mövzular dünyada böyük maraq səbəbidir. Qadınların futbolda iştirakının tarixi 19-cu əsrin sonlarından başlayır. Lokomotiv rolu İngiltərəyə aiddir. Birinci dünya müharibəsi səbəbi ilə futbol qadağan olunur. Kişilər cəbhələrdədir və onlardan geri qalan işləri böyük ölçüdə qadınlar görürlər. Ötən əsrin 70-ci illərindən isə qadın futbolu öz baharını yaşamağa başlayır.

- Kişi və qadın futbondakı fərqlər və oxşarıqlar nələrdir? 

- Qadın və kişi futbolu arasında böyük fərq görürük. Hazırda qadın futbolu FiFA və yerli federasiyalar üçün prioritet istiqamətdir. Müəyyən vəziyyətlər var ki, uğurlu nəticələr göstərir . Keçən il "Barselona" və "Real Madrid" qadın futbol klublarının matçını stadionda 91.648 azarkeş izləmişdi. Bu, qadın futbolunda mütləq rekorddur.

- Azərbaycanda qadın futbolunun vəziyyətini necə dəyərləndirirsiniz? 

- Ölkəmizdə bu sahədə görülən işlər xoşdur. Az müddətdə əldə olunanlar bunun sübutudur. Burada xoş təəccüb ilə qarşılacağımız məqamlar da var. Rəqəmlər aldatmır. FİFA reytinqində qadınlarımız 79-cu, kişilərimiz isə 121-ci yerdədirlər. Dəstək olaraq onu da qeyd edim ki qadınlardan ibarət əsas milli komandamızın üzvlərinin əksəriyyəti legionerlərdir. Türkiyə klubları burada əsas pay sahibidirlər. "Trabzonspor", "Qalatasaray" və "Fənərbağça" kimi klubların formasını geyinənlər var. Bugünlərdə daha 2 qadın futbolçumuz Türkiyənin "Şırnak Bələdiyyəspor" klubuna transfer olundular. Onları təbrik edir və uğurlar arzu edirik. Böyük zəhmətin nəticəsidir.

- Siz də qadın futbol klubu idarə edirsiniz. Bir az da "Xırdalan City" klubundan danışaq...

- "Xırdalan City" olaraq AFFA tərəfindən təşkil olunan Yüksək Qızlar Liqası, U-17 Qızlar Liqası və U-12 Qızlar Liqasında təmsil olunuruq. Toplamda 50 qıza xidmət göstəririk. İndi fasilədəyik. Yüksək Qızlar Liqasında 10 klub mübarizə aparır. Liqamızda region klublarının varlığı cazibədar tərəfimizidir. Bakı ilə paralel bölgələrdə də qızlar bu çətin işin öhdəsindən gəlirlər. Hər birinin spesifik həyat hekayəsi və sevgisi var. Oğlanlardan fərqli olaraq qızlar futbola başlayıb prosessdə seviblər. Bu sevgi daimiyə bənzəyir. Hər birinə təşəkkürlər. Yüksək Qızlar Liqasında liderdən 3 xal geridəyik. Mövsümə yeni yanaşma və ambisiya ilə başladıq. İlk dövrənin son matçında ilk məğlubəyyitimizi aldıq. Rəqib flaqman Neftçi idi. Futbolçular ilk öncə insandırlar. Hər birinin də tələbatları var. Biz onların həm insan həm futbolçu kimi böyümələrini məqsəd bilirik.

- AFFA Yüksək Qızlar Liqasına ölkədə maraq hansı səviyyədədir? 

- Təəssüf ki, bu yarış "Liqa TV" yayımından məhrumdur. Bu isə tanıtım səviyyəsinə mənfi təsir göstərir. Varlığımızı digital olaraq göstəririk. Klub olaraq deyil, bütünlükdə liqada iştirak edən klub və oyunçuların işlərini təbliğ edib, cəmiyyətə uyğun şəkildə çatdırmağa çalışırıq. İlk dəfə bizi duyub görənlər xoş təəssüratlarla ayrılırlar. Mükəmməl deyilik. Bəzi işlərimiz isə təkamül etdiyimizi göstərir. Bizimlə eyni dəyərləri paylaşan şəxslər və partnyorlarla birlikdə digital varlığımız 100k+ kütləyə xitab edə bilir. Futbol xərc tələb edən sənayedir. Yeni partnyorlarla görüşlər davam edir. Yerli biznes və sahibkarların bu işə cəlb olunmasında maraqlıyıq. Birlikdə daha uzun məsafə qət etmək olur. Dialoqa hazırıq. İnsan kapitalına investisiya və qızlara dəstək verərək var olan dəyərə şərik çıxmaq üçün fürsətdir. Bu il istəyimizin bir başqası ilk futbolçu brend yaratmaqdır. dəstək olmaq üçün minimum matçlarda tribunaları bəzəməkdir. Klub olaraq futbolsevərlərə həyəcan buketini vəd edirik. 100 eşitmək < 1 görmək prinsipi ilə. Bu diqqət və maraq qızların davranışı və progressə təsiri var. Online olaraq bizi izləyib daha detallı işlərimizlə tanış ola bilərsiniz.

- Maraqlı müsahibəyə görə sizə təşəkkür edirik və uğurlar arzulayırıq!

- Belə önəmli mövzunu işıqlandırdığınız üçün mən təşəkkür edirəm. Yolumuz futboldur. İstək ilə çıxdığımız yolda həzz ilə davam edirik. Görülən bütün işlər qızların xoşbəxtliyi üçündür. "İnstagram" səhifəmiz də aktiv fəaliyyətdədir - https://www.instagram.com/xirdalan.city.fc/. Bir maraqlı məqamı da qeyd edim. Deməli, günlər öncə Polşadan bir nəfər "İnstagram" hesabımıza yazıb, Xırdalan City klubunun imzalı formasını almaq istədiyini bildirdi. Və bu gün ödəniş etdi, sifarişini təsdiqlətdi. Bu, bizim üçün, yerli qadın klubu üçün çox maraqlı və sevindirici bir hadisədir. Bir gün avrokuboklarda iştirak etmək arzusu ilə...