Qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərovun Offsideplus.az saytına müsahibəsi...

- Dünən Bosniya və Herseqovina yığmasına məğlub oldunuz. Oyunu necə şərh edərdiniz?

- Son üç oyundur qol buraxmırdıq və uduzmurduq. Məqsədimiz bu oyundan xal götürmək idi. Qol imkanlarımız çox oldu, lakin fürsətlərdən yararlana bilmədik. 90+4-cü dəqiqədə buraxdığımız qolla məğlub olduq. Amma komandamın oyunundan çox razı qaldım.

- Sizcə, məğlubiyyətin səbəbi nə oldu?

- Rəqibin heyətində oyunun taleyini dəyişdirəcək futbolçular var idi. Düzdür, komandanın bütün üzvləri hər bir futbolçunu yaxşı şəkildə bağlamağı bacardılar. Lakin ani diqqətsizliyə görə qol buraxdıq. Amma biz rəqibdən daha baxımlı oyun göstərirdik.

- Milli komanda uzun müddətdir ki, uğursuzluq zolağındadır. Bunun səbəbi nədir?

- Deməzdim ki, komanda uğursuz zolağındadır. Düzdür, Monteneqro ilə oyuna qədər nəticələr yaxşı deyildi. Bunun da səbəbi var. Çünki legioner həyatı yaşayan futbolçularımızın çıxış etdiyi çempionatlarda oyunlar keçirilmədiyi üçün çətinlik var idi. Bu da milliyə təsir etdi. Biz bu matçda məğlubiyyətə layiq deyildik. Çünki çox yaxşı mübarizə apardıq.

- Futbolçuların çoxu legioner həyatı yaşayır. Bu, yığmadakı inkişafı artırıb?

- Əlbəttə! Qızlarımızın legioner həyatı yaşması bizim milli üçün çox xeyir verir.

- Növbəti oyunda lider Danimarka yığması ilə qarşılaşacaqsınız. Bu oyundan gözləntiniz nədir?

- Danimarka yığmasının oyunu göz qabağındadır. Qrupda heç bir oyunda məğlub olmayıb. Hətta son Avropa çempionatına vəsiqə qazanan Rusiya seçməsinə də qalib gəliblər. Ağır oyundan çıxmışıq və psixoloji cəhətdən komandada yorğunluq var. Həmçinin yolumuz da uzundur. Bosniyadan Danimarkaya gedəcəyik. Lakin əlimizdən gələni edib yaxşı nəticə qazanmağa çalışacağıq.

- Azərbaycan qadın futbolu ilə Avropadakı arasında nə kimi fərqlər var?

- Fərq ondadır ki, Avropada illər öncə qadın futbolu var idi. Bizdə isə bu, 2010-cu ildən başlayıb. Daha əvvəl qızlarımız Türkiyə çempionatında çıxış edə bilmirdilər. Amma indi rahatlıqla xarici ölklərdə futbolçularımız oynayır. Hətta millinin bir üzvü İslandiya klubuna getmişdi və oyununu bəyənmişdilər, ancaq komanda Liqada qala bilmədiyi üçün oranı tərk etdi.

- Yığmaya bəzi türkiyəli oyunçular da dəvət olunur. Öz futbolçularımızı görmək üçün nələr etmək lazımdır?

- Hələ ki, Azərbaycanda qadın futbolu yeni inkişaf edir. Buna görə də yığmada əcnəbi futbolçular çıxış edir. Gələcəkdə hər bir klubun qadın komandası yaradıldıqdan sonra inkişaf daha da artacaq.

 Cavid Əliyev