Bakının mərkəzi küçələrində gəzintiyə çıxan əməkdaşımız Conpaul Nnamdi "Sabah"ın yeni transferi Coy-Lens Mikelslə qarşılaşıb. 

Offsideplus.az-a müsahibə verməyə razılaşan 27 yaşlı vinger paytaxt klubuna transferi, "Sabah"la Azərbaycan Premyer Liqasında qazanmağa ümid etdiyi naaliyyətlər barədə danışıb.

Eksklüziv müsahibəni təqdim edirik:

- Azərbaycandan ilk dəfə təklif alanda təəssüratların nə oldu?

- İçimdə yaxşı bir hiss vardı, lakin Bakıya çatanda şəhərin bu qədər gözəl görünməsinə təəccübləndim. Bakı hazırda mənim ən sevdiyim şəhərlərdən biridir. Burada olmağımdan çox məmnunam. İki illik müqavilə imzalamışam, bu da o deməkdir ki, daha iki il burada olacam. Hər şeyin yolunda gedəcəyinə ümid edirəm.

IMG 20210806 163450

- "Sabah" və yeni komanda yoldaşların səni necə qarşılaşdı?

- Çox mehriban idilər. Bütün uşaqlar mənə çox yaxşı davranır, komandanın bir üzvü olmağımı asanlaşdırdılar. Buna görə çox minnətdaram. 

- Komanda Gürcüstana məşqlərə yollandı. Necə keçdi?

- Gürcüstan gözəl yerdir, lakin ölkənin bəzi yerlərində gördüklərim məni məmnun etmədi. Təlim düşərgəmiz, məşq şəraiti və oteldə yerləşməyimiz çox yaxşı idi. Məşqlər etdik və yoldaşlıq matçlarına çıxdıq. Komandamın performansından təsirləndim. Bu göstərici ilə yaxşı mövsüm keçirəcəyimizə inanıram.

- "Sabah"la iki illik müqavilən var. Bu müddət ərzində Azərbaycanda nələrə nail olmaq istəyirsən?

- Əsas hədəf gələn il avrokuboklarda mübarizə aparmağı təmin etməkdir. Bunu bizə baş məşqçi də deyib, klubun prezidentinin istəyi də elə budur.  Bu hədəfə nail olmaq üçün komandama yardım etmək və çoxlu qollar vurmaq istəyirəm. Mümkün qədər çox qol vurmaq...

- Səncə, Azərbaycan Premyer Liqasında oynamaq Avropada özünü göstərməyə yardım edəcək?

- Məncə, hə. Lakin keyfiyyət əvvəllər çıxış etdiyim Niderland və Almaniyadakından fərqlidir. Bununla belə, "Qarabağ" və "Neftçi" kimi klublar barədə çox şey eşitmişəm, bu komandalara qarşı oynamaq üçün səbrsizlənirəm.

- "Sabah"dakı imkanlardan razısan?

- Buraya gəlmədən öncə "Sabah"dakı məşq vəziyyətinin nə yerdə olduğu ilə maraqlanırdım. Çünki "Maastrixt" klubunda ot örtüyü süni idi. Amma "Sabah"dakı ot örtüyü təbiidir və bu, yaxşı futbol oynamağa imkan verir. Ot örtüyü əladır, yeganə problem havanın çox isti olmasıdır. Buna baxmayaraq, əminəm ki, tezliklə öyrəşəcəm.

- Adaptasiya olmağa gəlincə. Yeni mətbəx, mədəniyyət və dilin öhdəsindən necə gəlirsən?

- Düzünü desəm, hələ də üzərində çalışıram. Lakin sevgilim buradadır və 2 həftədir ki, mənə yardım edir. Tezliklə gedəcək və arabir geri dönəcək. Adamların çoxu ingilis dilində danışa bilməsələr də, kömək etməyə çalışırlar, bu da məni sevindirir.

IMG 20210806 163431 1

- "Sabah" azarkeşlərinə nə demək istərdin?

- Stadionu azarkeşlərlə dolu görməyi arzu edirəm. Çünki futbol azarkeşlərin idmanıdır və bizim onlara ehtiyacımız var. Bu çox vacibdir, onların dəstəyi bizə hava-su kimi lazımdır, xüsusilə də ev oyunlarında. Stadionlarda görüşənədək...