Millinin son 3 oyunda məğlub olması ölkə futbol ictimaiyyətini yerindən tərpətdi. Qəzəbli statuslar, əsəb dolu açıqlamalar, gələcəyə bədbin baxış...

Bir şeyi anlamalıyıq ki, illərdir görməyə alışdığımız üzücü yenilgilər bu cür də davam edəcək. Çünki futbolçuların təməli düzgün formada qurulmayıb, bundan artığını etməyə gücləri çatmır. Uşaq futbolunun inkişafına yanaşma dəyişməlidir, futbolçular legioner həyatı yaşamalıdır, Premyer Liqa iştirakçılarının sayı artırılmalıdır, futbol paytaxtdan bölgələrə daşınmalıdır, Birinci Dəstədən elitaya komandaya yüksəlməlidir. Bunlar olmadan yığmanı əvvəlkitək miskin durumda görməkdən başqa çarə qalmayacaq.

Futbolun özülü dediyimiz uşaq futboludur. Həmin sahə ki, ordakı problemləri saymaqla qurtarmaz. İllərdir uşaq futbolunda çalışanlar, bu təsərrüfatda tər tökənlər çətinliklərin nədən ibarət olduğunu, məlum durumdan çıxmağın yollarını yaxşı bilir.

Bu məqsədlə vaxtilə “Qarabağ”ın akademiyasına rəhbərlik etmiş, klubun əvəzedici komandasını çalışdırmış, U-21 millimizdə Rəşad Sadıqovun köməkçisi olmuş, hazırda Şimali Makedoniyanın elita təmsilçisi “Boreç”də baş məşqçi səlahiyyətlərini daşıyan Borçe Xristovla danışmağı vacib bildik.

Makedoniyalı mütəxəssisin dedikləri: “Azərbaycanda məndə sual doğuran əsas məqam bu qədər imkanlar daxilində uşaq futbol akademiyalarının olmamasıdır. Düzdü, vaxtilə “Bakı” bu mənada fərqlənmişdi, lakin sonradan hansı vəziyyətə düşdüyünü hamımız gördük. Azərbaycan boyda ölkədə müasir tələblərə böyük ölçüdə cavab verən akademiya yalnız Qəbələdə var. Uşaq futbolundan danışırıqsa, mütləq və mütləq akademiyalar olmalıdır.

Lakin akademiyanın binasını inşa edib, yanında 4-5 meydança salmaqla iş bitmir. Akademiyanın xüsusi inkişaf planı olmalıdır. Məsələn, ordakı uşaqlara futbolun sirlərini öyrədəcək, təhsil verəcək müəllimlərin bilik və bacarığı. Akademiyada planlı inkişaf mexanizminə yaşlı və təcrübəli mütəxəssislərin nəzarət etməli olduğunu düşünürəm. Əsas, yəni çalışqan qüvvə gənc mütəxəssislər olmalıdır. Gənclər müasir texnologiyalara daha çox alışqandır, nəticə acıdır, daha çox qaçmaqda, əziyyət çəkməkdə maraqlıdır və sair.

Və Azərbaycan futbolunda gördüyüm ən böyük bəla – nəticə vermək, nəticə istəmək. Bu düşüncə uşaq futbolunu uçuruma sürükləyir. Komanda nəticə verməlidir deyə, boy-buxunlu, fiziki cəhətdən hazırlıqlı uşaqlara şans verilir. Yaxud, istedadı olan, lakin açılışması üçün vaxt tələb olunan uşaqlar kənarda qalır. Uşaq futbolunda nəticə qazanmaq hədəfi olmamalıdır! Bu düşüncə, bu yanaşma həmin uşaqlara və komandaya mənfi təsirini göstərir.

Bütün bunları həyata keçirmək üçün mütləq və mütləq beynəlxalq təcrübəyə əsaslanmaq, sistem qurmaq və ciddi nəzarət etmək lazımdır. Avropa klubları necə edirsə, öyrənib, eynisini etmək gərəkir. Məsələn, bizdə - Makedoniyada uşaq futbolunun inkişafına dair proqramın icrasına 12 il əvvəl başlanmışdı. Bu müddətdə hamı səbr etdi, gözlədi və şükürlər olsun, indi-indi bəhrəsini görməkdəyik. Xeyli saytda istedadlı uşaqlar yetişməkdədir. Makedoniya, Serbiya, Gürcüstan, Ermənistan kimi ölkələrdə uşaq futbolu ilə bağlı vahid sistem formalaşıb və ona uyğun addım atılır.

Məsələnin əsas tərəflərindən biri təbii ki, beynəlxalq əlaqələrdir. Uşaq komandaları il ərzində bir neçə dəfə beynəlxalq turnirlərdə iştirak etməlidir. Bu yolla həm təcrübə qazanmış, həm də xarici skautlar tərəfindən izlənmiş olurlar. Aparıcı futbol ölkələrinin məşqçi və skautları beynəlxalq yarışları, hətta yoldaşlıq görüşlərini də izləyir. Hansısa futbolçunun legioner həyatı yaşamasını istəyiriksə, bunun üçün 23-24 yaşını gözləməyə gərək yoxdur. Uşaq yaşlarından evdən, ailədən uzaqlaşmalıdır ki, yaş artıqca dil və uyğunlaşma kimi problemi olmasın. Həm də istedadlı futbolçu az yaşında legioner həyatı yaşamağa başlayanda daha çox inkişaf edir, öyrənir.

Elif Elmas nümunəsini götürək. 16-17 yaşlarında Makedoniyanın yüksək dəstəsində çıxış edirdi, 18 yaşında “Fənərbağça”ya yollandı və bu gün “Napoli”nin şərəfini qoruyur ki, qiyməti 40 milyon avro civarındadır. 4 il əvvəl o da sıradan futbolçu idi, başını aşağı salıb futbolunu oynayırdı. Bu gün rəhbərlik etdiyim “Boreç”də xeyli sayda 18-19 yaşlı futbolçular var. Hamısını eyni anda oynamaq şansı yaratmasam da, növbəli sistemlə meydana buraxıram. Azərbaycanda bu baxımdan vəziyyət necədir? Hansı komandalar 18-19 yaşlı futbolçulara şans verir?

Dediyim kimi, uşaq futbolunun inkişafını istəyirsinizsə, mütləq və mütləq vahid sistem qurulmalı, beynəlxalq təcrübədən yararlanmalı, uşaqlar vaxtında xaricə yollanmalıdır. 23-25 yaşından sonra heç bir skaut gəlib hansısa oyunçunun dalınca düşməyəcək. Bacarıqlı futbolçuları vaxtında göstərmək lazımdır ki, sonra bəhrəsini görəsən”.