Ceyms Adeniyi İsrail klubu "Kiryat Şmona"da icarə əsasında çıxış etdikdən sonra "Qəbələ"yə geri dönməyindən danışıb. Nigeriyalı hücumçunun "qara-qırmızılılar"da keçirdiyi möhtəşəm mövsümdən sonra ilk dəfə Azərbaycan Kubokunu başları üzərinə qaldırdıqları sezon əbədi yaddaşlara həkk olundu...

Offsideplus.az-la eksklüziv müsahibəsində Adeniyi istəklərindən, zədəsi ilə mübarizə aparmağından və Azərbaycana geri dönmək motivasiyasından danışıb.

- Artıq "Qəbələ" klubundasınız, Azərbaycanda qalaraq nələrə nail olmağı planlaşdırırsınız?

- İki mövsüm Azərbaycanda çıxış etdim və "Qəbələ"də çoxlu qollar vurub, bir çox şeylərə nail oldum. Klub tarixində ilk dəfə qazanılan Azərbaycan Kubokunun qalibi oldum. "Qəbələ"də daha çox qol vurmaq və komandaya kömək etmək üçün burdayam. Həmçinin ümid edirəm ki, daha böyük klublarda çıxış edərəm və karyeramı peşəkar futbolçu kimi davam etdirərəm.

- Buradakı iki illik çıxışınızdan sonra İsrailə yollandınız. İcarə əsasında ora getməyinizə nə səbəb oldu?

İsrailə köçəndə bu mənim üçün əla bir addım idi, çünki gəlişimdən bir neçə ay sonra məşhurlaşdım və hamı mənim haqqımda danışmağa başladı. Çox yaxşı oynadığım üçün agentimlə də mənim kimi daha bir oyunçu alması üçün danışdılar. Daha böyük bir kluba keçmək üçün də təkliflər aldım, lakin danışıqlar nəticə vermədi. Komandada çox məsuliyyət daşıyırdım və təəssüf ki, bir neçə aydan sonra zədələndim. Müqaviləm bitdi və reabilitasiyama davam etmək üçün Nigeriyaya qayıtdım.

Allaha şükür edirəm ki, geri döndüm.

- Azərbaycan, İsrail və Albaniya liqalarını necə dəyərləndirərdiniz?

- Düşünürəm ki, Albaniya Azərbaycandan aşağıdadır. Azərbaycan Premyer Liqası daha peşəkardır və məncə, daha sistemli və futbol səviyyəsinə görə Albaniya Liqasından üstündür. Lakin İsrail Liqası hər üçün arasında ən yaxşıdır.

- Futbol karyeranızda ən böyük çətinlik hansı olub?

- Zədələnməyim ən böyük çətinliklərdən biri oldu. Futbol oynamağa başladığımdan bəri heç vaxt bu cür zədələnməmişəm. Bu zədədən sağaldığım üçün xoşbəxtəm və yenidən futbola gəldiyim üçün Allaha şükür edirəm. İndi yaxşıyam və əlimdən gələni etməyə hazıram.

- Pandemiyaya görə azarkeşlərlər stadiona buraxılmır. Azarkeşlərsiz oynamaq sizə təsir edir?

- Əlbəttə. Azarkeşlərin dəstəyi olmadan oynamaq çətindir. Boş stadionda dostlarınız, ailəniz və oynamağınızı izləməyə gələn, sizi ruhlandıran azarkeşlər olmadan oynamaq asan deyil. COVID-19-dan əvvəl "Qəbələ"də çox azarkeşim var idi və onlar məni daha yaxşı oynamağa həvəsləndirirdilər. İndi stadiondakı atmosfer sönük olduğundan hər şey əvvəlki kimi deyil.

- Bəs bu sizin oynamağınıza təsir edir?

- Əlbəttə, lakin bir az.

 

Adeniyi 1

- Azərbaycanı tərk edib İsrailə gedəndə, Avropanın daha böyük klublarında oynamağınız gözlənilirdi. Lakin "Qəbələ"yə geri döndünüz. Xəyal qırıqlığı yaşadınız?

- Əslində Azərbaycana qayıtmağı düşünmürdüm. Karyeramda daha yüksək səviyyəyə çatmağı gözləyirdim, amma inanıram ki, Tanrı ən yaxşısını bilir. Zədəm üzündən bir neçə ay oynaya bilmədim və uyğun təkliflər almadım. Bir çox klub mənə bir müqavilə təklif etmədən əvvəl yenidən oyunumu görmək istədi. Yəni karyeramı yenidən başlatmaq üçün "Qəbələ"yə qayıtmalıydım və hazırda yaxşı motivasiyalıyam.

- Qəbələ müəyyən maliyyə çətinliyi ilə üzləşib. Xarici bir futbolçu olaraq vəziyyətin öhdəsindən necə gəlirsiz?

- Peşəkar oyunçuyam və vəziyyəti başa düşürəm. Ümid edirəm, maliyyə məsələləri tezliklə həll olunacaq. Kluba qarşı səbr etməliyəm və ümid edirəm ki, müqavilənin özlərinə aid hissələrinə hörmət edəcəklər. Şöhrətimi qorumaq və meydanda işimi görmək istəyirəm. Klubun mənə hörmət etdiyini bilirəm və heç bir problem yaşamaq istəmirəm. Nigeriyadan bir çox oyunçu mənə baxır, ona görə də Azərbaycanda oynamaq istəyən digər oyunçulara yaxşı nümunə olmalıyam.

- Hazırda Azərbaycan əsgərləri cəbhədədir və ölkə Qarabağı geri qaytarmaq üçün Ermənistanla müharibə aparır. Buna münasibətiniz necədir?

- Düşünürəm ki, Azərbaycan öz haqqını tələb edir və bunun üçün mübarizə aparmalıdır. Azərbaycanlılar gözəl insanlardır, buna görə ərazilərini geri qaytarmaq üçün dəstəyə layiq olduqlarını düşünürəm. Biz idmançı olaraq müharibəni sevmirik, çünki işimiz insanları xoşbəxt etməkdir və ümid edirəm, vəziyyət tezliklə yaxşılaşacaq. Azərbaycan əsgərlərinə cəbhədə uğurlar arzulayıram.