Məşhur "Eleven Kings" futbol menecer oyununun yaradıcısı Orxan Rzayev OFFSİDE SPORT MEDİA-ya müsahibə verib. 

O, oyunu yaratmaq ideyasından tutmuş bir çox vacib və maraqlı məqamlara aydınlıq gətirib. Müsahibəni sizə təqdim edirik:

 -  "Eleven Kings" oyununu qurmaq fikri necə yarandı?

- Qlobal oyun sektoru illik yarım trilyon dollar dövr edən nəhəng bir sektordur. İllərdir startap ekosistemini, həmçinin oyun sektorunu izləyirəm. 3 il öncə, 2017ci ilin yayında ABŞ-a ikinci səfərimdən qayıtdıqdan sonra qərara gəldim ki, oyun platforması yaradaq. Mən 16 ildən çoxdur futbol menecer oyunları oynayıram. Demək olar, dünyada olan bütün bu tip oyunları oynamışam, hər birinə vaxt və pul xərcləmişəm. Belə oyunların biznes tərəfi və istifadəçi tərəfinə yaxşı bələdəm. Ona görə sırf futbol menecer oyunu yaratmaq qərarına gəldik. https://elevenkings.com

eleven kings game ek mag

- Dünyada hansı məşhur futbol menecer oyunları var?

- "Top Eleven", "Football Manager", "Soccer Manager", "OSM" və s. bir neçə qlobal oyun var. "Top Eleven"də qeydiyyatlı istifadəçi sayı 200 milyonu keçib. Ümumilikdə 500 milyona yaxın insan bu tip oyunları oynayır.

EK MAG online magazine Eleven Kings Game

- Bu oyunu digərlərindən fərqləndirən cəhət nədir?

- "Eleven Kings"i digərlərindən fərqləndirən xüsusiyyətləri həm mobil tətbiqin özündə (dizaynı, sadə funksionallılığı), həm də biznes modelindədir. "Eleven Kings" təkcə mobil oyun olmaqla qalmayacaq, aylıq onlayn jurnal, rəsmi tədbirlər, sosial şəbəkə, onlayn alış-veriş platforması və bu kimi müxtəlif addımlar özündə birləşdirərək fubol azarkeşlərinin cəmiyyəti (community) olmaqda iddialıdır.

bandicam 2020 04 17 19 46 43 527

 -  Azərbaycanda buna bənzər platforma qurumaq təcrübəsi olmadığından ətrafınızdakı insanların buna reaksiyası necə oldu?

Bu işə başlayanda mənim idarə etdiyim uğurlu bir reklam agentliyi, həmçinin sosial media təlimlərim, şirkətlərə konsulatasiyalarım var idi, gəlirim yaxşı idi. Mən bütün digər işlərimi ikinci plana salıb, fokusumu, vaxtımı və gəlirimi "Eleven Kings"ə yatırmağa başladım. Bu da riskli idi, çünki belə bir biznesin xüsusən Azərbaycanda olan, öncədən oyun startapı təcrübəsi olmayan bir komandanın qurduğu bu işin uğursuz olma ehtimalı həddən çox yüksək idi. Buna görə də ətrafımda olan dostlar, qohumlar məni qınamağa başladı. Ailəli insanın belə risk etməməli olduğunu tövsiyə edirdilər. Amma mən bu işdə iddialı idim deyə tam motivasiya ilə işimizə davam etdik.

bandicam 2020 04 17 19 46 55 458

- Aldığınız bu risklərin qarşılığında hansı nəticələrə nail olmusunuz?

- 2019-cu ilin yanvarında oyunun Demo versiyasını istifadəyə verdikdə ABŞ-ın texnilogiya mərkəzi olan Silikon vadisindən dəvət gəldi, fevral ayında ora səfər etdim, 4 müxtəlif tədbirdə oyunun təqdimatını etdim, investorlar, mütəxəssislər qarşısında çıxış etdim. Artıq Demo versiya istədiyimiz qaydada işləyirdi deyə oyuna maraq artdı. Yerli investorlar investisiya etməyə başladı, komandanı böyütdük və daha sürətlə işləməyə başladıq. Hazırda oyunumuz Android və iOS smartfonlar üçün aktivdir, toplam istifadəçi sayı 100 mini keçib, 215 ölkədən qeydiyyatlı istifadəçimiz var. Ötən il əfsanəvi futbolçu Ronaldinyo və komandası ilə görüşdük, şirkətdən hissə təklif etdik, qarşılığında Ronaldinyo bu oyunu reklam etməli idi. Bir aylıq təhlildən sonra komandasından cavab gəldi və razı olduqlarını bildirdilər. Daha sonra Ronaldinyonun Holdinqinin direktoru məni ABŞ-a Mayamiyə dəvət etdi. Dekabr ayında orda görüşdük, detalları danışdıq və rəsmi olaraq razılıq əldə olundu. Həmçinin UEFA-nın mərkəzi ofisində əməkdaşlıq üçün ilkin danışıqlarımız olub, Messinin qardaşı ilə, Yuventus klubunun nümayəndələri ilə, Neymarın, Devid Bekhemin və daha bir neçə məşhurun menecerləri ilə danışıqlarımız olub. Şirkəti İsveçrənin Luzanna şəhərində təsis etdik. Sürətli böyümə, investisiya və partnyor cəlb etmə baxımından bu ölkəni seçdik.

bandicam 2020 04 17 19 47 02 250

-  İstifadəçilərin bu oyunla bağlı fikirləri necədir?

- İki qrup istifadəçi rəyləri var. Birinci qrup istifadəçilər yazır ki, Top Eleven Eleven Kings-dən daha maraqlıdır. Bu, normal şərhdir. Çünki həmin şirkətin dünyanın bir neçə ölkəsində ofisi, yüzlərlə mütəxəssisi və yüzmilyonlarla dövriyyəsi var, on ildən artıqdır bu oyun istifadədədir. Ona görə, kiçik komanda ilə 5-6 ayda Top Eleven kimi oyun qurmaq mümkün deyil zatən. İkinci qrup istifadəçilər isə yazır ki, "Eleven Kings" Top Elevendən daha maraqlıdır. Bu, əla şərhdir. Belə şərhlərin sayı çoxaldıqca anlayırıq ki, düz yoldayıq.

bandicam 2020 04 17 19 51 20 393

- Ötən gün "Facebook" profilinizdə qeyd etmişdiniz ki, bir qlobal oyun studiyası Eleven Kings'i almaq üçün qeyri-rəsmi təklif göndərib. Bilmək olarmı söhbət hansı şirkətdən gedir?

- Olar :) Söhbət dünyanın ən məşhur oyun studiyalarından olan Miniclip şirkətindən gedir. Ötən ilin noyabr ayında Avropada iştirak etdiyim tədbirlərin birində Miniclip əməkdaşı tərəfindən görüş təyin edildi. Görüşdə şirkətin nümayəndəsi bildirdi ki, Miniclip-in tərkibində iki futbol oyunu var, amm sırf futbol menecer oyunu yoxdur. Rəhbərlik şirkətə bu tip bir oyun əlavə etmək istəyir. Buna görə də son aylarda etdiyimiz araşdırmalardan sonra ən uyğun platformalardan biri olaraq "Eleven Kings"i gördük. Qeyd etdi ki, hələ "Eleven Kings" yeni fəaliyyətə başlayıb deyə onlara vaxt lazımdır, amma yaxın aylarda əgər vəd etdiyiniz işləri görə bilsəniz sizinlə danışıqlara başlayacağıq. Kifayət qədər büdcə var ki, "Eleven Kings"i alaq və ya investisiya edək.

Bu, çox ciddi bir hadisə idi bizimçün. Miniclip-in oyunlarını hər ay 250-300 milyon insan oynayır, təkcə bilyard oyunu olan "8 Ball Pool" oyunundan 7 ildə bir milyard dollara yaxın gəlir əldə ediblər. Belə bir şirkətin "Eleven Kings"ə maraq göstərməsi çox ciddi hadisədir. Hazırda həmin şirkətin nümayəndəsi ilə danışıqlarımız davam edir, mütəmadi yeniliklərimiz barədə məlumat veririk. İlin sonuna doğru ciddi proseslər baş verə bilər.

bandicam 2020 04 17 19 47 23 057

 - Facebook profilinizdə oxuduq ki, "Eleven Kings"ə investisiya etmək mümkündür.

- Bəli. Hazırda xarici investorlarla danışıqlar gedir, 1 milyon dollar ətrafında investisiya cəlb etmək nəzərdə tutulub. Sadəcə olaraq mövcud koronavirus böhranı səbəbilə hər yerdə olduğu kimi bizdə də görüşlər, danışıqlar ləngiməyə başladı. Ona görə sürətimizi azaltmamaq üçün kiçik bir miqdar investisiyanı ölkədaxili toplamaq qrəarı aldıq.

bandicam 2020 04 17 19 47 53 996

 - Koronavirusdan söz düşmüşkən, hazırda dünyada bir çox bizneslər durğunluq yaşayır, hətta fəaliyyətini dayandırır. Amma oyun sektoru, əksinə canlanmaqdadır. Bu, sizinçün əlavə üstünlükdürmü?

- Əlbəttə elədir. Hazırkı böhranda dünyada inkişaf edən 2-3 sektordan biri oyun sektorudur. Ona görə bizim üçün ciddi fürsətdir. Düzgün isitfadə edə bilsək, yaxın 2-3 ildə gedəcəyimiz yolu 2-3 ayda gedə bilərik. Ona görə indi daha motivasiyalı işləyirik.

bandicam 2020 04 17 19 47 45 414

- Maraqlı bir iş görürsünüz, uğurlu nəticələriniz var. Bəs bu yolda əsas hədəfiniz nədir?
 - Biznes planımız göstərir ki, düzgün işləsək və nəticələr istədiyimiz kimi olsa yaxın 5-7 ildə bu şirkətin dəyəri 1 milyard dollara çata bilər. Çünki dünyada bənzər işi görüb, bənzər yolu gedən və dəyəri bir milyard dolları keçən xeyli sayda startap var. Fantastik səslənsə də bizim üçün real hədəfdir və bu hədəfə çatmaq üçün tam motivasiya ilə çalışırıq.