İki mövsüm əvvəl Fransada çempion olmuş, Çempionlar Liqasının yarımfinalına qədər irəliləmiş “Monako” hazırda çətin günlərini yaşayır.

Offsideplus.az sizə “knyazlıq klubu”nun son 3 ayda başına gələnləri təqdim edir:

1. Klubun rusiyalı sahibi Dmitri Rıbolovlev bir neçə gün əvvəl sənət əsərləri ilə bağlı qalmaqala görə həbs olunub və hazırda araşdırma aparılır.

2. UEFA-dan “knyazlıq klubu”na maliyyə fair-pleyi ilə bağlı yeni cəzaların veriləcəyi gözlənilir.

3. Komandanı iki mövsüm əvvəl çempion etmiş Leonardo Jardimi qovub, yerinə Tyerri Anrini gətirdilər. Amma sabiq əfsanəvi hücumçu da “Monako”nu düşdüyü bataqlıqdan çıxara bilmir.

4. “Monako” Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Brügge”yə öz meydanında 0:4 hesabıyla məğlub oldu. Bundan başqa, Fransa təmsilçisi 15 oyundur qələbə qazana bilmir. Bütün bunlar azmış kimi, heyətdə də 11 zədəli futbolçu var.

5. Çempionlar Liqasında iştirak edən 32 komanda arasında öz çempionatında ən pis vəziyyətdə olan klub “Monako”dur. Komanda Liqa 1-də 19-cu sırasında qərarlaşıb və təhlükəli zonadadır.

Komanda.az