Cari mövsümdə uğursuzluq yaşayan “Monako”nun qış transfer pəncərəsi dövründə əsas transfer hədəfləri müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Fransa mətbuatı Liqa 1 təmsilçisinin qışda transfer etmək istədiyi futbolçuların adlarını açıqlayıb. Mövsümün ilk yarısını 13 xalla 19-cu sırada tamamlayan “Monako” bir müdafiəçi və iki yarımmüdafiəçi almaq niyyətindədir.

“Monako”nun ilk hədəfi Pepedir. “Beşiktaş”dan ayrıldıqdan sonra azad agent statusu daşıyan futbolçunun keçidinin həll olunacağı gözlənilir. “Monako”nun bu transferdə əsas rəqibi İngiltərənin “Vulverhempton” klubudur.

"Monako"da yarımmüdafiənin mərkəzinə “Tottenhem”dən Mussa Dembele düşünülür. Bu mövsüm London təmsilçisində az forma şansı tapan futbolçunun komandadan ayrılacağı gündəmdədir. “Tottenhem” yüksək məbləğli təklif gələrsə, Dembeleni sata bilər. Belçikalı futbolçuyla Çin klubları da yaxından maraqlanır.

“Monako” hücum xəttini isə “Barselona”nın hücumameyilli yarımmüdafiəçisi Denis Suareslə gücləndirmək istəyir. “Barselona”da oyun praktikasının azlığından şikayət edən Suares, başqa kluba keçməyə müsbət yanaşır. Suareslə  “Çelsi”, “Milan” kimi klublar da yaxından maraqlanır.