"Barselona"nın futbolçusu Jerar Pike futbolçu karyerasını sonlandırıb.
Offsideplus.az xəbər verir ki, ötən gün La Liqanın 13-cü turunda Kataloniya təmsilçisinin öz meydanında "Almeriya" ilə (2:0) qarşılaşdığı görüş müdafiəçinin karyerasında son matçı olub. 35 yaşlı oyunçu sözügedən görüşdə start heyətdə meydana çıxıb və 85-ci dəqiqədə əvəzlənib.
O, son oyununda göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Pike karyerası ərzində "Mançester Yunayted" ( 2004-2006, 2007-2008/ 16 oyun, 2 qol), "Real Saraqosa" (2006-2007-icarə əsasında/ 22 oyun, 2 qol) kimi komandalarda çıxış edib. O, 2008-ci ildə isə yetirməsi olduğu Kataloniya klubuna qayıdıb. Bu müddət ərzində 610 oyuna çıxan təcrübəli oyunçu 51 qolla yadda qalıb. Pike İspaniya (2009-2018) millisində isə 102 matçda meydana çıxıb və 5 dəfə fərqlənib.