"Real"ın prezidenti Florentino Peresin 2012-ci ildə Kriştiano Ronaldo və Joze Mourinyonu təhqir etdiyi audioyazı sızdırılıb.
Offsideplus.az xəbər verir ki, "El Confidencial" nəşri daha öncə 74 yaşlı funksionerin Raul və Kasilyası fırıldaqçı adlandırdığı səsyazının yayımlamışdı. Peres bu dəfə Kriştiano barədə təhqiramiz ifadələr səsləndirib:
"O, dəlidir. Kriştiano axmaq və xəstə biridir. Onun normal olduğunu düşünürsünüz, amma normal deyil. Digər halda, elədiklərinin başqa açıqlaması yoxdur. Sonuncu dəfə etdiyi çox mənasız idi, bütün dünya bunu gördü. Sizcə, nə üçün belə axmaq bir şey etsin?".
Florentino Peres daha sonra Ronaldunun agenti Jorje Mendeşin "Real"ın baş məşqçisi olmuş Joze Mourinyo və portuqaliyalı ulduza nəzarət edə bilmədiyini deyib: "Mendeş Mourinyonu idarə edə bilmədiyi kimi Kriştianoya da nəzarət edə bilmir. Bu adamların eqosu çox böyükdür, hər ikisi yoldan çıxıb. Gerçəyi görmürlər, çünki fərqli davransalar, daha çox pul qazana bilərdilər. Onlar da normal deyil, çünki imic hüquqlarında çoxlu pul var. Belə bir üzlə, bu qədər sərt davranışla heç kim onları bəyənmir. Publika bəyənmirsə, deməli bəyənmir".