İspaniyanın "El Confidencial" nəşri "Real"ın prezidenti Florentino Peresin İker Kasilyas və Raul Qonsales barədə 15 il öncə qalmaqallı səsyazısını yayıb.
Offsideplus.az xəbər verir ki, audioyazıda bu sözlər deyilib: "İstəyirsiniz ki, bunu sizə mən deyim? Kasilyas heç vaxt bizə münasib qapıçı olmayıb. Bu, bizim üçün böyük uğursuzluq idi. Sadəcə, ona hörmət edənlər İkeri çox güclü müdafiə edirlər. Ən böyük fırıldaqçılardan biri Kasilyas, digəri isə Rauldur".
Bu barədə 74 yaşlı funksioner klubun rəsmi saytına açıqlama verib:
"El Confidencial"da mənim barəmdə yayılan xəbərləri görəndən sonra bu açıqlamanı vermək qərarına gəldim. Yayılan audioyazı Xose Antonio Abellan tərəfindən qeydə alınıb və uzun illərdir ki, bu səsyazıları satmağa çalışırdı. Aradan uzun zaman keçməsinə baxmayaraq, "El Confidencial" nəşrinin bu audioyazıları alması çox təəccüblüdür. Həmin ifadələr böyük bir danışıqdan götürülmüş bir neçə cümlələrdir. İndi yayımlanmasının səbəbi, Avropa Super Liqası kimi böyük layihəyə rəhbərlik etməyimdir. Məsələ ilə bağlı vəkillərim lazımi araşdırmalar aparacaq".