İspaniya La Liqası geridə qoyduğumuz həftə hansı hadisələrlə yadda qaldı?
Offsideplus.az rəsmi tərəfdaşı La Liqa-ya istinadən ötən həftə İspaniya futbolunda baç verən maraqlı hadisələri sizə təqdim edir.
"Xirona" və "Rayo Valyekano" La Liqaya yüksəlmək üçün mübarizə aparacaq.
2018/19 mövsümündə aşağı liqaya düşən hər iki komanda İspaniyanın TOP liqasına yüksəlmək üçün üz-üzə gələcək. "Valyekano" - "Xirona" matçı 13 iyunda, cavab qarşılaşması isə iyunun 20-də baş tutacaq.
Kuman "Barselona"da qalır.
"Barselona" ötən həftə nəhayət baş məşqçisi ilə bağlı qərarını verdi. Klubun prezidenti Xuan Laporta Ronald Kumanın gələn mövsüm də Kataloniya təmsilçisinə rəhbərlik edəcəyini açıqladı. 2020-21 mövsümünü turnir cədvəlində 3-cü pillədə başa vuran Kumanlı "Barselona", İspaniya kubokunu başı üzərinə qaldırdı.
"Real" Karlo Ançelottini geri qaytardı.
Zinədin Zidanın "Kral klubu"nu ikinci dəfə tərk etməsindən sonra, "Real" onun əvəzinə çox da yad olmayan mütəxəssisi komanda başına gətirdi. 2013-15-ci illərdə Madrid komandasını çalışdırmış Karlo Ançelotti ilə 3 illik müqavilə imzalandı.
"Barselona"dan 3 müqavilə!
"Barselona" geridə qoyduğumuz həftə 3 yeni transfer həyata keçirdi. Bazar ertəsi Serxio Aqueronun transferini açıqlayan "katalonlar", ardınca Erik Qarsiyanın, qarşıdakı günlərdə isə Emerson Royalın heyətə qatıldığını rəsmən bəyan etdi.
Yan Oblak may ayının oyunçusu seçildi.
La Liqada həyəcanla dolu keçən may ayı "Atletiko"nun çempionluğu ilə yekunlaşdı. "Matrasçılar"ın qapıçısı Yan Oblak isə Borxa İqlesias, Karlos Soler, Kasemiro, Jerar Moreno, Xoselu və Santi Minanı geridə qoyaraq may ayının oyunçusu seçildi.
La Liqanın 2021/22 mövsümü üçün yeni dizaynlı topu təqdim edildi.
"Puma"nın hazırladığı top məşhur futbol şərhçisi İbay Lyanos tərəfindən təqdim olunub. Ənənəvi ağ rəngdə olan topun üzərində alovu xatırladan qırmızı, sarı və narıncı rənglər istifadə olunub. Topu Luis Suarez, Rafael Varan, Yan Oblak, Antuan Qrizmann, Suso, Jül Kunde və Mark Bartra kimi məşhurlar təqdim edib.