"Real"ın kapitanı Serxio Ramosun PSJ-yə mümkün transferi ilə bağlı iddialar artıb.
Offsideplus.az xəbər verir ki, buna 35 yaşlı müdafiəçinin sosial şəbəkə hesabında etdiyi bəzi hərəkətlər səbəb olub. Belə ki, Ramos, PSJ ilə müqaviləsini uzadan Neymarın paylaşımına münasibət bildirib. Həmçinin "Paris Sen-Jermen"in bir çox futbolçusunu izləməyə başlaması şayiələri gücləndirib.
Qeyd edək ki, bu, Ramosun Paris təmsilçisinə mümkün keçidi ilə bağlı yayılan ilk iddialar deyil. Daha öncə futbolçunun həyat yoldaşının Parisdə ev axtardığı ilə bağlı xəbərlər yayılmışdı.
Xatırladaq ki, 2005-ci ildən "Kral klubu"nun şərəfini qoruyan Ramosun müqaviləsinin müddəti yayda başa çatır.