Braziliya "Santos"u "Barselona"nın futbolçusu Lionel Messinin bir klubdakı qol sayında Pelenin rekordunu keçməsinə dair iddialarla razılaşmayıb.
Offsideplus.az xəbər verir ki, bu barədə San-Paulu təmsilçisinin yaydığı rəsmi açıqlamada bildirilir.
Dekabrın 23-də Messi "Valyadolid"ə 3:0 hesabı ilə qalib gəldikləri İspaniya çempionatı matçında fərqlənərək, "Barselona"da ümumilikdə 644-cü qolunu vurub. Pelenin isə "Santos"un heyətində 643 qol vurduğu göstərilib.
Lakin Braziliya klubunun rəhbərliyi hesab edir ki, statistikaya yoldaşlıq görüşlərindəki qolları da daxil etmək lazımdır. Bu halda, Pelenin aktivindəki topların sayı 1091-ə çatacaq: "Yoldaşlıq görüşlərində vurulmuş 448 qolun guya az əhəmiyyət kəsb etdiyi bildirilir. Halbuki qollar Meksika "Amerika"sı, Çili "Kolo Kolo"su, İtaliya "İnter"i, İspaniya "Real Madrid"i kimi həmin mövsümlərin güclü komandaları ilə oyunlarda vurulub. Messinin hazırda oynadığı "Barselona"nın özünə Pele 4 qol vurub. Bəzi tarixçilər iddia edirlər ki, 448 qolun çoxu zəif və ya regional komandaların qapısından keçirilib. Amma hətta belədirsə də, bu matçlar bütün rəsmi qaydalar və protokollara əməl edilməklə gerçəkləşib. Statistik göstəriciləri hazırlayarkən, rəqiblərin səviyyələrini qiymətləndirməmək düzgün deyil".
"Santos" hesab edir ki, Pele klubda daha çox qol vura bilərdi. Lakin o, Braziliya millisinin heyətində dünya çempionatına hazırlaşdığı üçün 1962, 1966, 1969, 1970-ci illərdə iki ay "Santos"da oynamayıb.
Qeyd edək ki, Lionel Messi "Barselona"nın əsas komandasında 2004-cü ildə debüt edib. Pele isə "Santos"da 1956 - 1974-cü illərdə forma geyinib. Braziliyalı hücumçunun adı Ginnesin Rekordlar Kitabına salınıb. Müxtəlif mənbələrdə onun 1279 - 1283 aralığında qol vurduğu göstərilib (Report).