“Barselona” ilə 2 illik müqavilə imzalayan hollandiyalı baş məşqçi Ronald Kuman Kamp Nou stadionunda mətbuatla görüş keçirib.
Offsideplus.az xəbər verir ki, Kuman “Futbolun ən üst səviyyəsində olan “Barselona” klubuna baş məşqçilik etməyə hazıram”, - deyə mətbuat toplantısında bildirib.
Pandemiya səbəbindən və yaxud kuboksuz il keçirdiyi üçün “Barselona”nın çətin dönəmdən keçdiyini deyən Kuman qeyd edib ki, “Asan bir dönəm deyil. Bundan əlavə “Barselona” tələbkar, daim kubok qazanmaq istəyən klubdur və belə olması üçün kifayət qədər yaxşı komandaya sahibdir”.
Yeni baş məşqçi UEFA Çempionlar Liqasının 1/4 final matçında “Bavariya” ilə baş tutan matçdakı məğlubiyyətdən də danışıb.
“Komandanın ötən günlərdəki halını (“Bavariya”ya məğlub olması) nə mən istəyirəm, nə də klub və futbolsevərlər istəyir. “Barselona” layiq olduğu ən üst səviyyədə olmalıdır. Dəyişikliklər etməyi planlaşdırıram. Gərək yenidən komandanın kubok qazanmağa ac olduğu atmosferanı yaradaq. Mən “Barselona”ya hər şeyini vermək istəyənlərlə çalışmaq istəyirəm”.
“Mən hollandiyalıyam və hollandiyalılar topun arxasınca qaçmağı deyil, topa sahib olmağı xoşlayırlar”, - deyə qeyd edən baş məşqçi taktikasının əsasını bu fəlsəfənin təşkil edəcəyini bildirib.
Kuman komandadan ayrılacağı ilə bağlı söz-söhbət gəzən Messi haqqında da açıqlama verib:
“Onunla danışacam, lakin bu futbolçu ilə məşqçi arasında olan özəl söhbətdir. Messi mənim üçün fərqlidir və klubun kapitanıdır. Lakin mətbuatın qabağında futbolçular haqqında danışmıram”.
“Messini komandada qalmağa razı salmaq üçün ona nə deyəcəksiniz?” sualına Kuman belə cavab verib:
“Barselona”da qalmağı üçün Messini razı salmağım gərəkib-gərəkmədiyini bilmirəm. Messi dünyanın 1 nömrəli oyunçusudur və bu 1 nömrəli oyunçunu rəqib komandada yox, öz komamdamda görmək istəyirəm. Müqaviləsinin bir il daha müddəti var və “Barselona”nın oyunçusudur. Təbii ki, onunla danışacam. Komandanın kapitanı olduğu üçün onunla danışacam. Ümid edirəm ki, daha uzun müddət komandada qalar”.