"Barselona"da son günlər baş verənlərə Jordi Alba da münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, "barsa"lı oyunçu klubun idman direktorunun açıqlamasından narazı qaldığını gizlətməyib: "Qıraqdakılar (Klubdan kənardakılar nəzərdə tutur) onsuz da hər pis şeyi üstümüzə atır. İçimizdən biri olanlar isə bunu etməməlidir. Abidal özü də futbolçu olub. Onun özü klub üçün kənar adam deyil. O, bilmədir ki, bir futbolçu nələr hiss edir, komanda daxilində nələr baş verir. Biz bir-birimizə yardım etməliyik. Biz bir olmalıyıq".
Qeyd edək ki, "Barselona"nın idman direktoru Erik Abidal "Sport" nəşrinə müsahibəsində Valverdenin getməsinə səbəb kimi futbolçuları göstərmiş, onu istəmədikləri üçün bu nəticələrə təsir edib deyib. Bu açıqlamaya ilk və sərt reaksiyanı Lionel Messi vermişdi. Müsahibədən bir hissəni işarələyək paylaşan argentinalı ad çəkilməsini tələb etmiş, həmçinin hər kəsin öz işi ilə məşğul olmasının daha faydalı olacağını qeyd etmişdi: "Düzünü desəm mən belə şeylər etməyi xoşlamıram, lakin düşünürəm ki, hər kəs öz işində məsuliyyətli olmalı və əhəmiyyətli qərarlar verməlidir. Meydanda işlərin yolunda getmədiyini ilk bilənlər, biz oyunçular oluruq. İdarə heyətindən olan şəxslər qərar verməzdən əvvəl məsuliyyəti öz üzərilərinə götürməlidirlər. Sonda, oyunçular haqda danışılırsa ad çəkilməli olduğunu düşünürəm. Əks halda bizim hamımızın adı ilə danışılır və heç bir reallığa sığmayan haqda şeyləri həzm etmək məcburiyyətində qalırıq".