“Atletiko” klubu heyətdə bir sıra dəyişiklər aparmaq niyyətindədir.
Komandanın yarımmüdafiəçisi Yannik Karrasko özünə yeni komanda axtarır. Offsideplus.az xəbər verir ki, belçikalı futbolçu “Qarabağ”la matçın qurbanına çevrilib.
Belə ki, ulduz futbolçu Azərbaycan təmsilçisi ilə Çempionlar Liqasının qrup mərhələsində Bakıda keçirilən (0:0) qarşılaşmadakı hərəkətindən sonra baş məşqçi Dieqo Simeonenin gözündən düşüb. Oktyabrın 18-də baş tutan görüşün 72-ci dəqiqəsində əvəzlənərkən ləng hərəkət etdiyi üçün “qələmi qırılan” Karrasko komandasının qələbəsinə çalışmamaqda ittiham olunub. Halbuki, həmin vaxt qrupda vəziyyəti yaxşı olmayan “Atletiko”nu yalnız 3 xal qane edirdi.
Bakı Olimpiya Stadionundakı oyundan bəri madridlilərin heyətində 7 görüşdə meydana çıxan 24 yaşlı cinah oyunçusu bunun yalnız 2-də start heyətində yer alıb. Təkcə İspaniya Kral Kubokunda “Elçe” ilə cavab oyununda 90 dəqiqə iştirak edən Karrasko artıq məşqçilər korpusunun planlarına daxil deyil. Onu heç cür bağışlaya bilməyən Simeone futbolçunun satılmasının əleyhinə deyil.
Qeyd edək ki, Yannik Karraskonun “Atletiko” ilə müqavilə müddəti 2022-ci ilə qədərdi.
apasport.az